Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş "Astara elektrik stansiyasında (ES) da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmət işləri planlı şəkildə və istismar həddinə uyğun icra edilmişdir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
"Azərenerji ASC-nin Enerjinin İstehsalı idarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, "Astara ES-də cari ilin iyul ayında 12,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, stansiya fəaliyyətə başladığı dövrdən indiyə kimi, o cümlədən cari ilin ötən 7 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynamışdır. Belə ki, 2016-cı ilin 7 ayı ərzində burada 98,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək göstəricilər əldə edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin son üç ay ərzində növbəti istismar həddinə uyğun olaraq müvafiq aqreqatlarda (7 ədəd porşen tipli aqreqatda) texniki qulluq işləri yerinə yetirilmiş və bir neçəsində isə (üç ədəd porşen tipli aqreqatda) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda yaz-yay daşqın sularından mühafizə məqsədilə stansiya ərazisində müvafiq tədbirlər həyata keçirilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, tələbatçılara daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində stansiya kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər.
Sonda onu da qeyd edək ki, burada da yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Bununla əlaqədar olaraq ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar belə aradan qaldırılır.
Xatırladaq ki, ümumi gücü 87 MVt olan "Astara elektrik stansiyası 10 aqreqatdan ibarətdir.