Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi artıq təkcə təbii sərvətləri, coğrafi mövqeyi və ya hərbi gücü ilə müəyyən edilmir. XXI əsrdə rəqabətin əsas istiqamətini rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik təşkil edir. Əgər əvvəlki dövrlərdə innovasiya əsasən yeni məhsulun yaradılması, yeni texnologiyanın ixtirası və ya elmi kəşflərin istehsalata tətbiqi ilə əlaqələndirilirdisə, bu gün onun mahiyyəti daha geniş məzmun kəsb edir.

Müasir dövrdə innovasiya mövcud biliklərin, texnologiyaların, məlumatların və resursların yeni baxış bucağı ilə qiymətləndirilməsi, fərqli şəkildə əlaqələndirilməsi və iqtisadi dəyərə çevrilməsi kimi xarakterizə olunur. Xüsusilə, süni intellekt Azərbaycanın rəqəmsal iqtisadiyyata keçid prosesində əsas strateji texnologiyalardan biri olacaq. O dövlət idarəçiliyindən başlayaraq sənaye, kənd təsərrüfatı, maliyyə, səhiyyə, təhsil, logistika və enerji sektorlarına qədər demək olar ki, bütün sahələrdə məhsuldarlığın və xidmət keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər. Dünyanın inkişaf etmiş ölkələri iqtisadi artımı və dövlət idarəçiliyinin səmərəliliyini məhz bu sahələr üzərində qurur. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi rəqəmsal inkişaf siyasəti ölkənin gələcək inkişaf modelini müəyyənləşdirən ən mühüm strateji istiqamətlərdən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın uzunmüddətli inkişafı yalnız təbii sərvətlərə deyil, insan kapitalına, elmə, müasir texnologiyalara və innovativ iqtisadiyyata əsaslanmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar göstərir ki, rəqəmsallaşma artıq ayrıca bir sahə deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, sosial xidmətlərin və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin yaxın illər üçün texnoloji inkişaf kursunu müəyyən edən mühüm yol xəritəsidir. Sənədin əsas məqsədi dövlət idarəçiliyinin çevikliyini artırmaq, vətəndaş məmnuniyyətini yüksəltmək, innovasiya iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın rəqəmsal suverenliyini daha da gücləndirməkdir. Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri özündə birləşdirir.  Bununla da, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir. 

Zamanın tələbinə uyğun olaraq bu istiqamətdə atılan ən mühüm addımlardan biri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması oldu. Şuranın formalaşdırılması rəqəmsallaşma sahəsində həyata keçirilən layihələrin vahid mərkəzdən əlaqələndirilməsinə, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və strateji qərarların daha operativ qəbul edilməsinə imkan yaradır. Bu yanaşma göstərir ki, Azərbaycan artıq rəqəmsal transformasiyanı texniki layihə deyil, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul edir. 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyənləşdirilən prioritetlər də məhz bu strateji baxışın davamıdır. İclasda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və təhsilin rəqəmsallaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirildi. Bu, bir daha təsdiqləyir ki, texnologiyalar artıq yalnız informasiya-kommunikasiya sektorunun deyil, bütün dövlət siyasətinin əsas dayaqlarından birinə çevrilir. Şuranın sədri Mehriban Əliyeva bildirib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. O qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Hörmətli Mehriban xanım Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib. Uzun illər müxtəlif dövlət qurumlarının ayrıca elektron platformalarından istifadə edilməsi vətəndaşlar üçün müəyyən çətinliklər yaradırdı. Rəqəmsal transformasiyanın ən mühüm nəticələrindən biri dövlət xidmətlərinin vətəndaşa daha da yaxınlaşdırılmasıdır. Yeni yanaşmaya əsasən bütün dövlət xidmətləri mərhələli şəkildə “mygov” və “mygov Biznes” platformalarında birləşdirilir. Bu model dünyanın qabaqcıl rəqəmsal dövlətlərində uğurla tətbiq olunan “vahid pəncərə” prinsipinə əsaslanır və dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsi yaradır. Artıq “e-Sosial”, “e-Təbib” və “e-Su” sistemləri tam şəkildə “mygov” platformasına inteqrasiya olunub. “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və digər xidmətlərin də mərhələli şəkildə vahid platformaya keçirilməsi davam etdirilir. Bunun nəticəsində vətəndaş müxtəlif qurumların ayrı-ayrı tətbiqlərini axtarmağa ehtiyac duymayacaq, bütün dövlət xidmətlərini bir platformadan əldə edə biləcək. Müasir dövlət artıq vətəndaşın müraciətini gözləmir, mövcud məlumatlar əsasında xidməti özü təqdim edir. Rəqəmsallaşmanın əsas məqsədi təkcə xidmətlərin elektronlaşdırılması deyil, dövlət xidmətlərinin vətəndaşa proaktiv şəkildə təqdim edilməsidir. Yaşa görə əmək pensiyasının avtomatik təyin olunması bunun ən uğurlu nümunələrindən biridir. Yaxın vaxtlarda uşağın doğulmasına görə birdəfəlik müavinətin də heç bir müraciət olmadan avtomatik ödənilməsi nəzərdə tutulur. Şəxsiyyət vəsiqəsinin, pasportun və sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda vətəndaşa əvvəlcədən məlumat veriləcək, səfərbərlik üzrə tibbi müayinələrə çağırışlar isə rəqəmsal formada həyata keçiriləcək. Bu yanaşma “yalnız bir dəfə” prinsipinə əsaslanır. Vətəndaş eyni sənədi müxtəlif dövlət qurumlarına dəfələrlə təqdim etməyəcək. Dövlət həmin məlumatı artıq öz informasiya sistemində saxlayırsa, ikinci dəfə onun tələb olunmasına ehtiyac qalmayacaq. Bu isə bürokratik maneələrin aradan qaldırılması, vaxt itkisinin azaldılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi deməkdir.

Ölkəmizin rəqəmsal inkişaf strategiyasında innovasiya iqtisadiyyatının formalaşdırılması xüsusi yer tutur. Hazırlanan geniş qanunvericilik paketi ölkədə texnologiya şirkətlərinin, startapların və innovativ biznes mühitinin inkişafını dəstəkləməyi hədəfləyir. Görülən işlərlə yaxından tanış olduqda aydın olur ki, hazırda həyata keçirilən islahatlar ayrı-ayrı layihələr deyil, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məqsəd yalnız dövlət xidmətlərini elektronlaşdırmaq deyil, vətəndaş mərkəzli, çevik, şəffaf və innovasiya əsaslı idarəetmə modeli qurmaqdır. Rəqəmsal inkişaf, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahəsində həyata keçirilən kompleks tədbirlər ölkənin iqtisadi rəqabət qabiliyyətini artıracaq, qeyri-neft sektorunun inkişafına yeni imkanlar yaradacaq və Azərbaycanı regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirəcək. Əminliklə qeyd etmək lazımdır ki, bu gün atılan addımlar əslində Azərbaycanın gələcəyinə qoyulan investisiyadır. Bu siyasətin mərkəzində isə texnologiya deyil, insan dayanır. Məqsəd vətəndaşın həyatını asanlaşdırmaq, dövlət xidmətlərini daha əlçatan etmək, biznes üçün rəqabətqabiliyyətli mühit yaratmaq, gənclərə yeni imkanlar açmaqdır. Bilik, innovasiya və rəqəmsal texnologiyalar üzərində qurulan güclü Rəqəmsal Azərbaycan formalaşacaq. Bir sözlə, rəqəmsal inkişaf dövlət siyasətinin əsas vektorlarındandır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri,

akademik Əhliman Əmiraslanov