Bu gün SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevlə "Türkiyə Petrolleri A.O" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarın görüşü olmuşdur.
Unikal.org Trend-ə istinadən bildirir ki, görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR prezidentinə məlumat verilmiş, bildirilmişdir ki, builki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaqdır. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili elan etmişdir. "Energetika və nəqliyyatda meqalayihələr" adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyə Cumhuriyyətinin baş naziri Binəli Yıldırımın iştirak edəcəyi qeyd olunmuşdur. Təşkilat Komitəsi tərəfindən SOCAR prezidenti Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilmişdir. "Türkiyə Petrolleri A.O" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Demirçinin imzaladığı dəvətnaməni SOCAR prezidenti Rövnəq Abdullayevə təqdim etmişdir.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən SOCAR prezidenti Rövnəq Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirmişdir.