Bu gün Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.
Allahşükür Hümmət oğlu Paşazadə 1949-cu il avqust ayının 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub.
O, hələ uşaq yaşlarından kənd ağsaqqallarının dəyərli söhbətlərinə, onların avazla Quran oxumalarına maraqla qulaq asarmış. Orta məktəb illərində dərs və ev tapşırıqlarını mükəmməl yerinə yetirəndən sonra, qalan vaxtını qonşuluqdakı Molla İzzət Dadaş oğlunun "ev məktəbində Qurani-Kərimdən dərs alarmış.
Allahşükür Paşazadə 1966-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurur. O, Şeyx Molla Qüdrətin zəmanəti və "Təzə Pir məscidinin göndərişi ilə Buxaradakı Mir Ərəb mədrəsəsinə imtahan verib oraya daxil olur və 1971-ci ildə oranı da müvəffəqiyyətlə bitirir. Sonra o, təhsilini davam edirmək üçün Daşkənddəki Ali Ruhani Akademiyasına imtahan verərək yüksək qiymətlərlə qəbul olunur. 1977-ci ildə ali təhsilini bitirərək vətənə dönür.
İlk gündən onu Qafqaz (Zaqafqaziya) Müsəlmanları Ruhani İdarəsində məsul katib vəzifəsinə işə qəbul edirlər. Bir müddət sonra isə "Təzə Pir məscidinin axundu təyin edirlər. Çox keçmir ki, o, idarənin sədr müavini seçilir.
1975-ci ildən sədr müavini vəzifəsində çalışan 30 yaşlı axund A.Paşazadə 1980-cı ildə Qafqaz (Zaqafqaziya) Müsəlmanlarının Ruhani İdarəsinin sədri vəzifəsinə seçilir və ona şeyxülislam ali-dini rütbəsi verilir.
1980-cı ildən başlayaraq Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri beynəlxalq aləmdə daha artıq tanınmağa başlayır. 1990-cı il 20 yanvar faciəsi "Qanlı yanvar kimi təqvimimizə daxil olanda Şeyx həzrətləri xalqla bir yerdə oldu və özünün əsil mənəvi ata olduğunu bir daha sübut etdi. Şəhidlərin ata-anasına, qohum-qardaşlarına, xalqa, millətə ilk başsağlığı verən, onları səbrli olmağa çağıran, Şəhidlər xiyabanının yerini müəyyənləşdirən, şahidlərin dəfn komissiyasında dini mərasimə rəhbərlik edən məhz şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri oldu.
Qanlı yanvar hadisəsinin əsas səbəbkarı olan o zamankı SSRİ dövlətinin başçısı M.Qorbaçova ilk açıq etiraz məktubu göndərən də Şeyx həzrətləri olub-¦
O, İslam aləmində böyük nüfuza malik olan Şiə konfrasında (1983-cü ildə) İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü seçilib. Şeyx həzrətləri həmçinin Ümumdünya İslam Konqresi Rəyasət heyətinin üzvüdür. Eyni zamanda, 1986-cı ildə Bakıda keçirilən "Müsəlmanlar Sülh Uğrunda Mübarizədə konfransının daimi fəaliyyət göstərən Beynəlxalq Komissiyasının sədridir.
Şeyx həzrətləri 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİ-nin Xalqlar Dostluğu ordeni ilə təltif edilib.
1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Bütün Qafqazın şeyxi onun sədri seçilib. O, eyni zamanda Qroznı şəhərinin fəxri vətəndaşı, Çeçenistanın milli qəhrəmanıdır.
Onun təşəbbüsü ilə ölkəmizdə ilk İslam mədrəsəsi, İslam İnistitutu və onların bazası əsasında Bakı İslam Universiteti yaradılıb. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Universiteti və onun üç filialı fəaliyyət göstərir.
1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir.
Həyat-fəaliyyəti barədə "On ikinci ŞEYXÜLİSLAM, M.Quluzadənin "Mərhəmətli və şərəfli qəlb, R.Əliyevin "Şeyxülislam: ictimai xadim, alim, A.Mansurzadənin "Bizim bir Şeyximiz var, Hacı Akifin "Müqəddəs ömrün anları, V.Babayevin "Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi kitabları çap edilmişdir.
"Xalqlar dostluğu (1988), Misirin 1-ci dərəcəli "Əl-elm və əməl (1992), Azərbaycan respublikasının "Şöhrət (1994), "İstiqlal (1999), rusiyanın I dərəcəli Müqəddəs Vladimir (2001), Çeçen Respublikasının "Millət qəhrəmanı (1998), Gürcustan Respublikasının "Şərəf (2001) ordeni ilə təltif olunmuşdur.
1999-cu ildə 50 yaşının tamam olması münasibəti ilə Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətləri ölkə rəhbərinin fərmanı ilə İstiqlal Ordeni ilə təltif edilib.
Hacı Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislam seçilmişdir. Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvü (2006), UNESCO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT yanında Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri (2009), Bakı Dövlət Universitetinin professorudur.
Şeyx həzrətləri bu gün də ölkəmizdə tolerantlığın bərqərar olunmasında, dinlərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında yorulmadan çalışır.
Biz də kollektivimiz adından Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri zati aliləri şeyx Hacı Alahşükür Paşazadəni doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və şərəfli fəaliyyətində uğurlar arzulayırıq!