İdman da iğtişaşların qurbanına çevrilib. 

Unikal.org-un məlumatına görə, futbol üzrə Serbiya çempionatında kütləvi dava olub. Belə ki, Belqradın "Srvena Zvezda" klubu ilə "Novi Pazar" arasında matç stadionda baş verən iğtişaşlar səbəbindən 20 dəqiqəliyinə dayandırılıb. 

Matç "Novi Pazar" klubunun stadionunda keçirilib. Oyunun ikinci hissəsində hesab 2:0 "Srvena Zvezda"nın xeyrinə olan zaman, qonaqların hücumçusu Predraq Skimiç rəqibin qapıçısı Mladen Jivkoviça zədə yetirib. 

Onun bu hərəkəti azarkeşlərdə narazılıq yaradıb. Tərəfdar kütləsi tribunanın oturacaqlarını qırıblar. Bundan əlavə onlar "Srvena Zvezda"nın ehtiyat oyunçular skamyası tərəfə fişəng atmağa başlayıblar.

Hadisənin böyüdüyünü görən görüşün baş hakimi Milan İliç matçı dayandırmaq qərarına gəlib. Oyun 20 dəqiqədən sonra bərpa olunub və qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

Qapıçı Jivkoviç almacıq sümüyünün qırığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.