Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaherin öz ölkəsində (Avstriyada) uşaqbazlıqda ittiham olunduğu və bununla bağlı istintaqın yekunlaşdığı ilə bağlı xəbərə Azərbaycan Cüdo Federasiyası münasibət bildirib.
Unikal.org bildirir ki, Federasiyanın rəsmisi Elnur Əşrəfoğlu "Qafqazinfoya açıqlamasında deyib ki, yazı ilə tanış olduqdan sonra dərhal çalışdırıcı ilə əlaqə saxlayıb:
"Peter Zayzenbaher biri azyaşlı olmaqla 4 qıza qarşı cinsi zorakılıqda ittiham olunduğunu etiraf etdi. Bildirdi ki, bununla bağlı cinayət işi açılıb və o, istintaqa ifadə verib. Zayzenbaher ifadəsində də ona qarşı irəli sürülən ittihamı rədd edib və deyir ki, yaxın vaxtlarda keçiriləcək məhkəmə prosesi onun günahsız olduğunu göstərəcək".
E.Əşrəfoğlu federasiyanın avstriyalı baş məşqçini tanınmış cüdo mütəxəssisi olduğu üçün bu posta təyin edildiyini və onunla Rio olimpiadasının sonunadək şərti anlaşdıqlarını da deyib:
"Biz məhkəmənin nə ilə nəticələnəcəyini bilmirik və məsələyə hüquqi qiymət verilənədək gözləyəcəyik".