Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanı həbs etdirməsi barədə xəbər vermişdik. Uzun müddət bu məsələ mətbuatda müzakirə mövzusu oldu. Onun təqsirsiz olması məsələsi də gündəmə gətirildi.
Bir müddət əvvəl millət vəkili və hüquq müdafiəçisi Çingiz Qənizadə Mehriban Hüseynovanın yaxınlarının ona ünvanladığı müraciət əsasında hüquq-mühafizə orqanlarından məsələnin obyektiv araşdırılması xahişi ilə məktub göndərdiyini qeyd etmişdi.

Hüquq müdafiəçisi diqqətə çatdırıb ki, Mehriban Hüseynovanın əleyhinə ifadə verən adamların şəxsiyyətlərinin qaranlıq olması məhkəmə istintaqının obyektiv qərar qəbul etməsinə şərait yaradacaq:
"Hüseynovanı bu oyuna salmaq üçün təşəbbüs göstərən insanlardan biri artıq həbsdədir. O dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub. Ümid edirəm ki, Mehriban Hüseynovanın əleyhinə ifadə verən adamların özünün şəxsiyyətinin qaranlıq olması da məhkəmə istintaqının obyektiv qərar qəbul etməsinə şərait yaradacaq. Mən çox istəyirəm ki, bu məsələ qapansın və həmin qadın azadlığa buraxılsın. Eyni zamanda məlum olur ki, Mehriban Hüsynova da ona qarşı çox diqqətli olub, onun yaralarını yuyub, köməklik göstərib. Hansısa hərəkətə görə bu xanımı qəsdən bu oyuna salıblar. İnanıram ki, burada müəyyən məqsədlər olub. İlhamənin başının üstündən bəzi adamlar onu zərərsizləşdirmək istəyiblər.
Qeyd edək ki, Mehriban Hüseynova 2015-ci ilin oktyabr ayının 20-də İlhamə Quliyevanın şikayəti əsasında saxlanılıb.
Həsən Babayev