Viranə Sumqayıt kitabxanaları
12:47 14-06-2012
İQTİSADİYYAT
Viranə Sumqayıt kitabxanaları
Şəhərdə səkiləri düzəltməyə milyonlar tapılır, amma bu obeyktlər üçün 5 min manat ayırmaq yada düşmür
Sumqayıtdan gələn şikayətlərin ardı-arası kəsilmir. Bütün sahələrdə yaşanan problemlərdən dolayı meydana çıxmış mənzərə əhalinin ciddi narazılığına səbəb olub. Şəhərdə yenidənqurma və abadlaşdırma adı altında işlər görən icra başçısı Eldar Əzizova bununla bağlı edilən şikayətlərə gəldikdə isə onların çoxu baxılmamış bir kənara qoyulur.
Ölkənin ikinci əsas şəhərlərindən birində yüzlərlə problemlər içində diqqətimizi daha biri çəkib. Bu da şəhərdəki kitabxanaların vəziyyəti ilə bağlıdır. 310 min nəfər əhalisi olan Sumqayıtda yüzlərlə kitabxana mövcud deyil. Onların sayı məhduddur. Sovet dönəmindən qalma kitabxanaların bir çoxlarını isə ya söküblər, ya da yerində market, dükan, sex və ya nəsə qurublar.
İnsanların maarifləndirilməsi, savadlanması və biliklərini artırmaq üçün nəzərdə tutulan bu kitabxanaların viranə vəziyyətində olmasına isə əhəmiyyət verən yoxdur. Halbuki normal ölkələrdə kitabxanalar xüsusi diqqət və qayğı ilə əhatə olunur. Azərbaycanda isə tamam tərsi müşahidə edilir.
Sumqayıtda olduğumuz zaman diqqətimizi şəhərin 42-ci məhəlləsində yerləşən dövlət kitabxanası çəkdi. Doğrusu, əvvəlcə buranın kitabxana olduğuna inanmadıq. Yalnız üzərinə vurulmuş lövhəni oxuduqdan sonra qəbul etdik ki, həqiqətən də bura insanların kitab oxumaları üçün yerdir.
Çöldən fikir verdikdə kitabxananın yerləşdiyi binanın bərbad vəziyyətdə olduğu açıq-aydın diqqəti çəkir. Şüşələri qırılmış, qapısının tutacaqları belə yerində olmayan bu maarifləndirmə ocağının içinə girməyə risq etmədik. Çünki üzdən bu şəkili almış yerin içərisinin daha bərbad olacağını düşündük. Kitabxananın həyəti isə heç danışılası deyil. Çünki zibillik içində itib-batan həyətə baxan burada kitab oxumağa gələnin ola biləcəyinə qəti şəkildə şübhə edər.
Kitabxanada işləyənlərdən oxucuların vəziyyəti, kitabların durumu ilə bağlı soruşduq. Bizə bildirdilər ki, illərdən bəri baxımsız vəziyyətdə qalan sözügedən yerin daxili sınıq-salxaq oturacaq və masalardan təşkil olunub. Divarlar isə bir neçə yerdən çat verib və əsaslı təmirə daha çox ehtiyac var. Kitablara gəldikdə isə yenilənmə məsələsi demək olar ki, son bir neçə ildə baş verməyib. Oxucu kütləsi də seçim edə bilmədiyindən yox səviyyəsindədir. Bekarçılıqdan hər gün işə gəlib getdiklərini bildirən işçilər aylıq maaş almaları üçün belə edirlər.
Qeyd edək ki, Sumqayıtdakı kitabxanalar Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyindədir. Nazirlik isə davamlı olaraq iddia edir ki, ölkədəki bütün kitabxanaları yenidən qurmaq üçün proqram hazırlayıblar. Hərçənd daha çox kənd kitabxanalarından bəhs edən nazir Əbülfəz Qarayev yaxşı olardı ki, ilk olaraq şəhərlərdəki sözügedən obyektlərin vəziyyəti ilə maraqlansın. Çünki iri şəhərlərdə bu işlər təşkil olunarsa, kəndlərdə də durumu düzəltmək çətin olmayacaq.
Şəhərin icra başçısı Eldar Əzizova gəldikdə isə onu kitabxanalardan daha çox, səkilərə, yol kənarlarına böyük pullar sərf etmək maraqlandırır. Halbuki şəhəri abadlaşdırma adı altında xərclənən milyonlarla manat puldan hər dəfə 5-10 min manat ayrılarsa, o zaman Sumqayıtda nə kitabxana, nə də mədəniyyət sahələrinin problemi qalar. Görünən isə budur ki, Eldar Əzizov üçün milyonları daşa-divara xərcləmək daha sərfəlidir.
Namiq Əlibəyli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40