Tanınmış vəkil İlham Əsədova məxsus 2 mərtəbəli villa qəsdən yandırılıb. Vəkilin sözlərinə görə, fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Bağlar massivində yerləşən 2 mərtəbəli villasında başlanan yanğın yaşayış yerini tamamilə məhv edib.
Unikal.org xəbər verir ki, vəkil ”Yeni Müsavat” a deyib ki, villanın qəsdən yandırılmasına dəlalət edən tutarlı sübutlar var: “Bu gün səhər zəng edib dedilər ki, bağ evin yanıb. Təcili Nardarana getdim. Orada mənim bağımda elektrik cərəyanı, qaz yoxdur. Mənim heç kimlə şəxsi düşmənçiliyim yoxdur. Yanğın qəsdən törədilib. Yandıran şəxslər hasardan aşmaq üçün divara dəmir dirək söykəyiblər. Şübhələndiyim şəxslər var. Həyətimdə ayaq izləri də var. Bu izlər icraçıların ayaq izləridir".
İ.Əsədov olayın vəkillik fəaliyyəti ilə əlaqəli olduğunu istisna etməyib: “Villam mənim vəkillik fəaliyyətimlə əlaqdar yandırılıb. Sifarişçilərin kimliyi haqda məlumatlıyam. Sifarişi verən vəzifəli şəxslərdir. Vəkillik fəaliyyətimlə əlaqədar onların mənafelərinə toxunduğumu bilirəm. Mənə 100 min manata yaxın ziyan dəyib. Bəzi dəqiqləşdirmələr aparıram. Bundan sonra villamın yandırılması sifarişini verənlərin kimliyini açıqlayacağam”.
İ.Əsədov deyir ki, vaxtilə ağır cinayətlərin araşdılması ilə məşğul olub. 2005-ci ildən sonra isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayıb: “Mənim çıxdığım işlər haqda vaxtilə mətbuatda çox yazılıb. Hesab edirəm ki, sifarişi verən illərdir ki, məqam gözləyib. İndi isə belə bir addım atdılar. Məlumatları tam şəkildə dəqiqləşdirəndən bu haqda mətbuata əlavə açıqlama verəcəyəm“.
İ. Əsədov qeyd edib ki, villadakı yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidməti əməkdaşları tərəfindən söndürülüb. Villada olan bütün əşyalar tamamilə yanaraq kül olub. Mövzuya qayıdacağıq.