"Avropa İttifaqının "Üçüncü enerji paketi"nin mahiyyəti ondan ibarətdir ki, monopolizmə yer olmasın. Bildiyiniz kimi, bu cür iddialar "Qazprom"a qarşı irəli sürüldü. Bunun nəticəsi olaraq, "Cənub axını" layihəsinin icrası dayandırıldı. Düzdür, kimsə deyə bilər ki, burada siyasi çalarlar var və sair. Lakin Avropa İttifaqı bu yolu tutub və mübahisələr əsassız və mənasızdır. SOCAR DESFA-nın 66,7%-lik səhm paketini alanda oxşar iddialar bir qarşı da irəli sürüldü".
Unikal.org bildirir ki, bunu "APA-Economics"ə müsahibəsində energetika naziri Natiq Əliyev deyib.
Nazir hesab edir ki, Avropa İttifaqı DESFA-nın özəlləşdirilməsində çətinliklər yaradan tərəf deyil: "Mən deməzdim ki, Avropa İttifaqı bu prosesdə çətinliklər yaradır. Onlar yalnız dedilər ki, biz bu prosedurun "Üçüncü enerji paketi"nin tələblərinə zidd olub-olmaması ilə bağlı araşdırma aparmalıyıq. Biz isə izah edirdik ki, SOCAR monopolist deyil. Çünki nəql olunan qazın 100%-lik sahibi də biz deyilik. Bilirsiniz ki, qaz bütün konsorsiuma məxsusdur. Digər tərəfdən, biz nəql sisteminin də 100%-lik sahibi deyilik. Çünki "Cənub Qaz Dəhlizi"nin və ona daxil olan layihələrin hərəsinin öz səhmdarı var. Başqa sözlə, SOCAR heç bir layihədə 100%-lik səhm paketinə sahib deyil. DESFA-da səhmlərin böyük hissəsinin sahibi SOCAR olsa da, o demək deyil ki, həm nəql, həm də distribusiya işlərinin 100%-ini biz həyata keçirəcəyik. Yunanıstanda hökumət dəyişəndən sonra yeni çətinlikləri ortaya çıxaran məhz yeni hökumətdir. Bildiyiniz kimi, hər bir müxalif partiya hakimiyyətə gəldikdən sonra ondan qabaq hakimiyyətdə olanların səhvini, yanlışlıqlarını axtarmağa başlayır. Başqa sözlə, siyasi dividend qazanmağa çalışırlar. Bu gün də bu tendensiya davam edir. Hələ ki, biz yaranmış vəziyyəti təhlil edirik. Amma bilirsiniz ki, hökumətin etdiyi müvafiq dəyişikliklərdən sonra DESFA-nın səhmləri 2 dəfə ucuzlaşıb".
"SOCAR DESFA-nın özəlləşdirilməsindən imtina edə bilərmi?" sualına nazir bu cür cavab verib: "Biz dərindən təhlillər aparmalıyıq. DESFA-nın bu şəraitdə alınmasının dövlətimizə nə verəcəyini, SOCAR-a nə qədər faydalı olduğunu aydınlaşdırmalıyıq. Biz irəli sürülən şərtləri bir daha nəzərdən keçirməliyik. Bilirsiniz ki, Avropa İttifaqının tövsiyələrinə əsasən SOCAR DESFA-nın kapitalında iştirak payını 66%-dən 49%-ə endirir. 17%-lik səhm paketinin İtaliyanın "Snam" şirkətinə satılması ilə bağlı danışıqlar davam edir. Müxtəlif istiqamətlərdə təhlillər aparılmalı, düzgün qərar qəbul olunmalıdır. Mən hələ o zaman demişəm ki, DESFA-nın alınması bizim üçün hərtərəfli sərfəlidir. Ən azından ona görə ki, biz Avropa bazarında distributor olacağıq. Digər tərəfdən, biz təcrübə qazanırıq. Bundan başqa, biz Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə öz qazımızı Bolqarıstana satmaq imkanı qazanırıq. Bir daha deyirəm ki, dərin, kompleks təhlillər aparılmalıdır. İstənilən halda, biz heç nə itirmirik".
Qeyd edək ki, nazirlə müsahibə bir qədər sonra saytımızda dərc olunacaq.