Cənubi Koreyanın "Samsung Electronics" şirkəti son bir həftədə bazar dəyərini 3,9% və yaxud 22 mlrd. dollar itirib.
Məlumata görə, şirkətin bazar dəyəri ötən həftənin cümə günü 8 mlrd. dollar, bu həftənin bazar ertəsi günü isə 14 mlrd. dollar azalıb.
Azalmaya səbəb "Samsung Electronics"in istehsal etdiyi "Galaxy Note 7" smartfonlarının geri çağırılmasıdır. Şirkətin bu ilin avqust ayında satışa çıxardığı smartfonların akkumulyatorlarında nöqsanlar aşkar edildiyi üçün sentyabrın 2-dən həmin malların geri çağırılması barədə qərar qəbul edilib. Bu isə "Samsung Electronics"in səhmlərinin qiymətinə təsirsiz ötüşməyib.
Xatırladaq ki, ötən həftənin sonu ABŞ-ın Federal Aviasiya İdarəsi sərnişinlərə xəbərdarlıq edərək "Galaxy Note 7" smartfonlarından təyyarədə istifadə etməmək, bunun təhlükəli olması barədə xəbərdarlıq edib. Avstraliya aviaşirkətləri - "Qantas Airways", "Jetstar", "Virgin Australia", "Tiger Airways" də bu smartfonların uçuş zamanı istifadəsinə qadağa qoyub.
Son nəticədə "Samsung Electronics" 2,5 mln. ədəd "Galaxy Note 7"ni geri çağırmalı olub. Şirkət müştərilərini əvəzedici smartfonlarla sentyabrın 19-na qədər təmin etməyi planlaşdırır.
Report.az