Rusiya və Ermənistan hökumətləri arasında 2015-ci ilin iyun ayının 26-da imzalanmış, Ermənistana dövlət ixrac kreditinin təqdim edilməsinə dair razılaşmaya görə Rusiya tərəfi Ermənistana Rusiyada istehsal edilən silahların və hərbi texnikanın alınması üçün 200 milyon dollar məbləğində kredit təqdim edib.
Unikal.org “AzeriDefence”ə istinadən verdiyi məlumata görə, kredit şəklində Ermənistana verilən silah və texnikanın siyahısı bu gün internet resurslarında yer alıb.
Kredit vəsaiti hesabına Rusiya Ermənistana 9K58 “Smerç” reaktiv yaylım atəş sistemləri və onlar üçün 300 mm çaplı 9M531 kumulyativ-qəlpəli elementli döyüş sursatı, T-72 tankının şassisi üzərində TOS-1A sistemi, onun nəqliyyat yükləyicisi (T3M-T –KamAZ bazasında), TOS-1A üçün idarə olunmayan termobarik raketlər, idarə olunan 9M113M raketləri, V-429E markalı partladıcılar, 9P522 “İqla-S” daşınan ZRK buuraxıcı qurğusu və 9M342 “İqla” zenit raketi, 1L222M “Avtobaza” radiotexniki kəşfiyyat sistemi, zirehli texnika üçün V-84 və UTD-20 mühərrikləri, tanklar üçün 1A-40-1 nişangah kompleksinin satışı planlaşdırılıb.
Atıcı silahlardan müqavilə üzrə ermənilərə RPQ-26 reaktiv qumbaraatanları, 7.62 mm çaplı SVD snayper tüfəngləri, mühəndis vasitələrindən OVP-2 minatəmizləmə komplekti, İMP-S-2 sellektiv mina detektorları, siqnal minaları, EOV-3523 hərbi ekskvatorlar, müxtəlif hərbi təyinatlı kranlar, rabitə vasitələri (P-168-100KAE, P-168-5KHE), “Tiqr” zirehli avtomobilləri, habelə KamAZ və UAZ markalı avtomobil nəqliyyat vasitələri verilməsi nəzərdə tutulur.