Misirdə 4 yaşlı uşaq cinayət əməlinə görə ömürlük həbs həyatına məhkum olunub.
Unikal.org Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, uşaq 8 ölüm cəhdində, vandalizmdə, dövlət əmlakına və xidməti avtomobillərə zərər vurmaqda, eləcə də polis və hərbçiləri təhdid etməkdə təqsirləndirilir.
Məhkumun vəkili hakimin işlə bağlı materiallarla tanış olmadığı fikrini irəli sürüb: “Əhməd Mənsur Karninin doğum haqqında şəhadətnaməsi müstəntiqlərə verilib, onlar isə uşağın adını təqsirləndirilənlərin siyahısına əlavə ediblər. Daha sonra işi Hərbi Məhkəməyə təqdim ediblər. Uşaq məhkəmə görüşünə qatılmayıb, bu qərar da onun iştirakı olmadan verilib”.
Əhməd Mənsurun bütün cinayətləri 2 yaşında törətdiyi iddia olunur.
Vəkil bu qərarın Misirdə ədalətin olmadığını göstərdiyini bildirib: “Uşaq adi bir səhvin qurbanı oldu. Bu cinayətləri onunla eyni adı daşıyan və ondan böyük olan əmisi oğlu törədə bilər”.(qafqazinfo)