Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
Unikal.org APA-ya istinadən məlumatına görə, görüş axşam saatlarında baş tutub.
Görüşdə İran prezidenti Həsən Ruhani də iştirak edib.
Məlumata
görə, İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Azərbaycan
prezidenti İlham Əliyevlə görüşdə İran və Azərbaycan arasında yaxşı
siyasi əlaqələrin və çoxlu bağların olduğunu, xüsusilə, iki xalqın dini
və məzhəb oxşarlıqların olduğunu bildirib. Ayətullah Xamenei görüşdə
qeyd edib ki, İslam Respublikası Azərbaycan xalqını özünə qardaş,
dostluq və qonşuluqdan daha yaxın hesab edir:
"Azərbaycan xalqının ümumi rifahı, təhlükəsizliyinin təmini və siyasi
sabitliyi bizim üçün çox önəmlidir. İki xalqın qarşılıqlı səmimi
münasibəti var və bu hər iki ölkə arasında müxtəlif sahələrdə
əməkdaşlığın və iqtisadi dövriyyənin artmasına səbəb olmalıdır".
Ali
rəhbər, İran və Azərbaycan xalqları arasında məzhəb bağlarının olduğunu
vurğulayıb və bildirib ki, Azərbaycan xalqının islami inancları dəyərli
sərmayədir:
"Təkfirçi qrupların xalqlar arasında saldığı fitnələrin qarşısını
islami dəyərlərin gücləndirilməsi ilə almaq olar. Azərbaycan dini
baxımdan əsaslı köklərə bağlıdır, Azərbaycan böyük İslam alimlərinin
vətənidir".
Görüşdə İlham Əliyev Tehran və Bakı arasında
əlaqələrin yaxın və aparılan müzakirələrin hər iki ölkə üçün çox önəmli
olduğunu bildirib:
"Azərbaycan və İran arasında dərin bağlar və müştərək tarix, din və mədəniyyət var".
Prezident, iki ölkə arasında ondan çox əməkdaşlıq sazişinin
imzalandığını və ikitərəfli əlaqələrin qardaşcasına və yüksək səviyyədə
olduğunu bildirib: "Ticarət, nəqliyyat, enerji, sənaye sahəsində önəmli
addımlar atılıb və birlikdə iki ölkənin əlaqələrinin bütün sahələrdə
inkişaf etdirilməsi üçün çalışırıq".
Prezident Tehran və Bakının
beynəlxalq məsələlərə dair baxışlarının bir olduğunu və İranın dünyada
sülh və sabitliyin təmini sahəsində önəmli rol oynadığını qeyd edib.
İlham Əliyev hər iki ölkə əleyhinə olan təhlükələrin bir mənbədən qaynaqlandığını vurğulayıb.
"Səfər
zamanı regionda sülh və sabitliyin təmin olunması naminə terrorizm
əleyhinə mübarizədə İranla əməkdaşlığa dair razılığa gəldik", deyə
prezident qeyd edib.
Prezident Azərbaycanın müstəqilliyi
dövründə ölkədə iki minədək məscidin tikildiyini qeyd edib: "Azərbaycan
xalqı İslam və şiəçiliyə hörmətlə yanaşır".