Kinoteatrlarda nümayiş olunan filmlərin posterlərində, treylerlərində demək olar ki, hər zaman filmin əhatə dairəsi, yaş məhdudiyyəti göstərilir.
Unikal.org anspress-ə istinadən məlumatına görə, son zamanlar böyük yaş kateqoriyaları üçün, məsələn "18+" kimi müəyyənləşdirilmiş filmlərin nümayişində kinoteatr zallarında azyaşlı uşaqlara rast gəlmək adi hala çevrilib.
Maraqlı məqam budur ki, azyaşlılar kinoteatra əksər hallarda tək yox, məhz valideynləri ilə birgə gəlirlər. Valideynlərin belə məsuliyyətsiz davranışlarına elə kinoteatr nəzarətçiləri də göz yumurlar. Məsələ ilə bağlı paytaxtın məşhur kinoteatrlardan birinin adminstratoru Musa Axundov ANS PRESS-ə münasibətini bildirib:
"Yaş məhdudiyyəti məsləhət formasında olur. Əgər valideyn bilet alırsa, biz ona necə məhdudiyyət qoya bilərik. Uşağa valideynindən başqa kim yaxın ola bilər?! Valideyn əgər özü qərar verirsə, biz heç cür qarışa bilmərik".
Uşaq psixoloqu Vəfa Əkbər uşaqların yaşlarına uyğun olmayan filmlərə baxmasının ciddi problem yarada biləcəyini istisna etmir:
"Həmin filmlərdə elə məqamlar ola bilər ki, uşaqlar dərk etməsin. Onların beynində sual işarəsi yarana bilər. Bu onları hazırkı fəaliyyətlərindən uzaqlaşdıra bilər. Məsələn, abituriyent təhsilindən geri qalar. Uşaqların inkişafına maneəçilik yarada bilər"
Psixoloq bu məsələdə valideynlərin günahkar olduğunu söyləyir:
"Əfsuslar olsun ki, bizdə qadağan edilmiş meyvə çox şirin olur. Nə ki qadağadır, ora valideynlər də gedir, uşaqlar da. Valideynlər deyirlər ki, mənim uşağım bunu istəyir və getməlidir, onsuz da qorxulu kino deyil. Valideynlər ilə uşaqların arasında səmimiyyət olmalıdır. Uşaqlar valideynlərinə getdiyi yeri dəqiq deməlidirlər. Əgər uşağın yaşı 13-16-dırsa, yanında böyük bir nəfər olmalıdır".
Ümumiyyətlə, rejissorlar filmlərə özləri yaş məhdudiyyəti qoyurlar. Onlar özlərini sığortalamaq üçün edirlər bunu. Bu yaş məhdudiyyəti qoyulur ki, valideyinlər uşaqların hər hansısa bir sarsıntı yaşadıqdan sonra kinonu səbəb bilməsinlər.