"Azərbaycan şərq müdrikliyi və qərb tərəqqisinin qovuşuğunda, Şərqlə Qərbin kəsişməsində yerləşən, qədim ənənələri və zəngin tarixi olan ölkədir.
Unikal.org -un Trend-ə istinadən məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya adlı "dəyirmi masanın rəhbəri qismində çıxışı zamanı deyib.
Leyla Əliyeva qeyd edib ki, Azərbaycan keçmişdə tarixi İpək Yolu üzərində iri mərkəz olub: "Bu da ölkə mədəniyyətinə böyük təsir göstərərək onu tolerantlığa, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirib.
Leyla Əliyevanın sözlərinə görə, "Davamlı inkişaf və ekoloji sivilizasiya adlı "dəyirmi masa bütün beynəlxalq birlik üçün çox mühüm məsələləri əhatə edir: "Biz hamımız bilirik ki, ekologiya və sivilizasiya - bir-birinə zidd olan iki termindir, çünki sivilizasiya min illər ərzində qlobal ekologiyanı pozur. Nəticədə biz bu gün bütün planetin təhlükə altında qaldığı vəziyyətdəyik. Lakin "ekoloji sivilizasiya" konsepsiyasının meydana çıxması göstərir ki, getdikcə daha çox insan bu vəziyyət haqqında bilir və ətraf mühiti qorumaq üçün fəaliyyət göstərməyə hazırdır. İrq, din, adət-ənənə və əqidəmizdən asılı olmayaraq, hamımız bir planetdə yaşayırıq və ümumi gələcəyi bölüşürük - ekoloji problemlər sərhəd tanımır. Bu problemlər bütün ölkələri təhdid edir və yalnız birgə işləyərək, bir-birimizi dəstəkləyərək müsbət nəticələrə nail ola bilərik.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, planetin biomüxtəlifliyinin 50 faizindən çoxu məhv olub və biz tədricən bütün növlərin, bütün meşələrin və bütün yaşıl həyatın məhv olacağı zamana yaxınlaşırıq: "Buna görə də hesab edirəm ki, müzakirələr və diskussiyalar aparmağın çox vacib olmasına baxmayaraq, qəti qərarlar qəbul etməyin və fəaliyyət göstərməyin vaxtı çatıb. Əlbəttə ki, yalnız nikbin qalaraq və ümidləri itirmədən uğura nail ola bilərik. Ötən il beynəlxalq ictimaiyyət tarixi sıçrayış edib və nəhayət, ətraf mühitin tənəzzülünün birgə, əl-ələ verib qarşısını almaq üzrə razılığa gəlib.