Xəbər verdiyimiz kimi ATV teıekanalında yayımlanan "V Element" verilişində Rüfət Ağayevi əvəz edən aparıcının kimliyi bəlli olub. 

Belə ki, sözügedən proqramın ulduz aparıcıları - Kamilə Babayeva, Ranar Musayev və Hüsniyə Məhərrəmovanın sırasına Fariz İlyasov da qoşulub. Xəbər təsdiqini tapdıqdan sonra, sosial şəbəkələrdəki paylaşımlarda bir vaxtlar Dövlət Televiziyasında "MAG" (Müasir Azərbaycan Gənci) verilişinin istedadlı aparıcılarından olan Fariz İlyasovun çılpaq şəkilləri yayıldığına görə çalışdığı telekanaldan qovulduğu iddia edilib. 

Unikal.org bildirir ki, aparıcı, haqqında gəzən şayiələrə primetime.az vasitəsi ilə aydınlıq gətirib.Söhbət zamanı aparıcı AzTV-dən ayrılmağı haqda bunları deyib: 

"Bildiyiniz kimi artıq ATV telekanalında yayımlanacaq "V Element" verilişində çalışmağa başlamışam. Uzun müddət idi ki, layihəni ərsəyə gətirənlərlə anlaşsaq da, amma bunu gizli saxlayırdıq. Ötən gün verilişin anonsu yayıldıqdan sonra bəzi saytlar çirkin qara piara əl ataraq, haqqımda iyrənc yazılar paylaşmağa başladılar. Xəbərdə mənim yay aylarında istirahət mərkəzlərinin birində çəkilmiş şəklim paylaşılaraq, soyunduğuma görə AzTV-dən qovulduğum belə iddia olunurdu. Bu xəbəri yayanların məqsədinin nə olduğunu bilmirəm. Azərbaycan televiziyasından qovulmamışam və qovulası aparıcı da deyiləm. Əksinə hər zaman tələb olunan və diqqətdə saxlanılan bir sima olmuşam. Mövsümü bitirdikdən sonra iyul ayından televiziyadan öz istəyimlə ayrılaraq başqa layihədə çalışmağa başlamışdım. Paylaşdığım şəkil nə qatıldığım modellik yarışması, nə də fotosessiya ilə bağlı deyildi. İşdən sonra dostlarımla hovuz kənarında dincələrkən çəkilmiş adi bir şəkil idi. KİV-də çalışan hər kəsdən bu cür xəbərlər yazarkən diqqətli olmağı xahiş edirəm. Çox sevinirəm ki, izləyicilərim məni hər zaman belə məqamlarda dəstəkləyir və yanımda olduqlarını hiss etdirirlər. Oxucularımızı isə "V Element" verilişinin bu mövsümə olan ilk efirini gələn həftə ATV telekanalında izləməyə dəvət edirəm. Verilişimizin qonağı çoxdandır hər kəsin studiyamızda görmək istədiyi şəxs olacaq. İzləməyə dəyər".