Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Kəpəzi məğlub edən "Neftçinin baş məşqçisi Elxan Abdullayev oyunu şərh edib.

Unikal.org xəbər verir ki, baş məşqçi bunları deyib: "Bizə bu qələbə çox lazım idi. Komandamız bu gün yaxşı təsir bağışladı. "Kəpəz isə standart vəziyyətlərdə çox təhlükəli idi. Rəqibin heyətində 10 nömrəli futbolçunu xüsusi qeyd edərdim. Bu qələbə bizə işıq yolu göstərdi. Amma komanda hələ cəmi 3 faiz inkişaf edib.

Baş məşqçi azarkeşlərin Araz Abdullayevlə bağlı etirazlarına da münasibət bildirib: "Bir həftə bundan öncə azarkeşlərlə görüşüm oldu. Onlarla 1-2 saat danışdıq. Məni düz başa düşün. Azarkeşə böyük hörmətim var. Amma onların sözü ilə oturub-durmağım düzgün deyil. Sarğını niyə Arazdan alım? Mən Abdullayevin oyunundan razıyam. Onunla azarkeşlər arasında nə olduğunu bilmirəm. Kapitan millinin üzvü, lider olmalıdı. Cavid İmamverdiyev yaxşı futbolçudu, amma hələ tam hazır deyil.

İstəmirəm ki, kimisə tənqid edim. Biz vaxt ayırıb, futbolçulara danışırıq. Mən nəyə görə yeni qapıçı axtarmalıyam? "Transfer pəncərəsinin açılmasını gözləməliyik. Bura kimisə qovmaq üçün gəlməmişəm. Sadəcə, istəyirəm ki, komandada rəqabət olsun. Hər mövqeyə futbolçu lazımdı. Lakin istəmirəm ki, mən də elə səhvlərə yol verim. Gətirəcəyim futbolçu gərək sizin də xoşunuza gəlsin, mənim də.


"Kəpəzin baş məşqçisi Şahin Diniyev də oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"Matç ağır keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini boşa verdik. Bizim günümüz deyildi. "Neftçi 3 xala layiq idi. Mənə elə gəlir ki, futbolçularım "Neftçini qiymətləndirə bilmədilər. Uşaq səhvlərindən qollar buraxdıq. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdi. Burda mənim də günahım var. Nə qədər çalışsam da, uşaqları o heç-heçənin fikrindən çıxara bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı.