"Biz kiçik millətik. Odur ki, yığmanı tənqid etməkdənsə, başqa variantlar axtarmaq lazımdır. Oyun öncəsi tənqid baş məşqçi və futbolçularda əlavə təzyiq yaradır".
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu sözləri norveçli məşqçi Kyetil Rekdal deyib.
DÇ-2018-in seçmə mərhələsinə Almaniyaya məğlubiyyətlə başlayan Norveç yığması qrupdakı növbəti görüşlərini bu ay Azərbaycan və San-Marino millilərinə qarşı keçirəcək.
Oktyabrın 8-də Bakıda yığmamızın qonağı olacaq skandinaviyalılar 3 gün sonra öz meydanlarında San-Marinonu sınağa çəkəcəklər.
Bu görüşlə bağlı ölkəsinin mətbuatına açıqlama verən Rekdal maraqlı fikirlər səsləndirib. "Valerenqa", "Lyers" və "Kayzerslautern" kimi klubları çalışdırmış 48 yaşlı mütəxəssis Azərbaycanla görüşün daha çətin keçəcəyini bildirib.
Rekdalın sözlərinə görə, Norveç yığmasının Bakıda qələbə qazanacağını əminliklə söyləmək mümkün deyil. O, bunu Azərbaycan yığmasının təhlükəli rəqib olmağı ilə əlaqələndirib: "San-Marinonu məğlub edəcəyik. Lakin onunla yanaşı, oktyabrda bizi Azərbaycanla da "döyüş" gözləyir. Həmin səfər görüşündə Norveçin 3 xal qazanacağını əminliklə söyləmək olmur. Hər bir nəticə qeydə alına bilər. Bundan əvvəlki seçmə mərhələdə də Azərbaycan rəqibimiz olub. Doğma meydanda bu komanda ilə qolsuz bərabərə qalmışdıq. Səfərdə isə çox çətinliklə qələbə qazanmışdıq. Qısası, bu nəticələr Azərbaycana qalib gələcəyimizi demək üçün kifayət etmir".
Qrupun favoritinin Almaniya olduğunu deyən Rekdal ikincilik uğrunda mübarizə aparacaq yığmaların da adını açıqlayıb. O, bu siyahıda Azərbaycan millisini görmür: "Seçmə mərhələnin ilk matçında Almaniya ilə qarşılaşdıq və uduzduq. Almaniyanın bütün görüşlərdə qalib gəlmək ehtimalı böyükdür. Şübhəsiz ki, onlar qrupda ilk pilləni tutacaqlar. İkincilik uğrunda mübarizə isə Norveç, Çexiya və Şimali İrlandiya arasında gedəcək. Çalışmaq lazımdır ki, bu komandaları qabaqlayıb, ikinci pillədə qərarlaşaq".