Bu gün "Azərbaycan Hava Yollarının aşağı büdcəli brendi AZALJET-in Bakıdan İstanbula uçan reysində sərnişinlər və şirkət əməkdaşları arasında növbəti problem yaşanıb.
Unikal.org xəbər verir ki, hadisə şahidlərinin Report-a verdikləri məlumata görə, "J2 80 79" reysi ilə hərəkət edən təyyarədə mübahisə qadın sərnişinlərlə stüardessalar arasında baş verib.
Şahidlərin sözlərinə görə, mübahisə sərnişinlərin stüardessaların birindən yerlərinin narahat olması səbəbindən qarşıdakı boş yerlərdə əyləşməyi xahiş etmələrindən sonra yaranıb:
"Təyyarədə qarşıda iki sıra boş yer var idi. Ayağında problem olan əliçəlikli qadın və yanında azyaşlı oğlu olan Aida Bayramova adlı sərnişin yerləri narahat olduğundan stüardessadan qarşıdakı boş yerlərdə keçib əyləşməyi xahiş ediblər. Lakin onlardan bu boş yerlərin əvəzi üçün 15 avro pul tələb olunub. Sərnişinlər bundan bərk qəzəblənərək boş yerə görə nə üçün pul ödəməli olduqlarını soruşduqda, onlara bunun peşəkarlıqla əlaqəli olduğu bildirilib. Onlar isə bunun peşəkarlıq deyil, qeyri-insani hərəkət olduğunu bildirdikdə, tərəflər arasında münaqişə baş verib.
Bundan sonra bir neçə sərnişin şikayət kitabçası tələb edərək ora AZAL və onun qaydaları ilə bağlı öz narazılıqlarını qeyd ediblər. Hadisə şahidi, həmçinin onu da bildirib ki, sərnişinləri daha çox özündən çıxaran həmin boş yerlərə kiminsə pul ödəyərək öz çamadanını qoyması olub.