"Azərbaycan Dövlət Televiziyasının fəaliyyəti, yaradılmış imkanlar əminliklə deməyə əsas verir ki, AZTV ona göstərilmiş etimadı doğruldub və sınaqdan üzüağ çıxıb".
Bu sözləri Azərbaycan Respublikasının xalq artisti, teleaparıcı Rafiq Hüseynov həmkarı Qulu Məhərrəmlinin AZTV sədri Arif Alışanovun əleyhinə söylədiyi fikirlərə münasibət bildirərkən belə deyib.
R.Hüseynov deyib ki, Arif Alışanov gənclərə xüsusi diqqət ayırır: "Bunu inkar eləmək olmaz. Kimsə bunu görmürsə, insafsızlıq edir. Ən azı bu insafsızlıqdır. Vaxtilə məndə dövlət televiziyasına rəhbərlik edən şəxslərə qarşı tənqidi münasibətdə olmuşam. Baxmayaraq ki, o zaman AZTV-yə naşı adamlar rəhbərlik edirdi və mən onu tənqid edirdim, o zaman belə mən təhqirə yol vemirdim. Təəssüf ki, bəziləri bu gün bunu edir. Arif Alışanov çox peşəkar kadrdır. Qulu Məhərrəməli obyektiv tənqid etsəydi, mən onu qınamazdım. O, sadəcə subyektiv fikirlərini dilə gətirir və bu sözlərinə təhqir elementlərini də əlavə edir. Çox təəssüfləndim. Arzu edərdim ki, hər kəs öz səviyyəsini nəzərə alsın və ictimaiyyət qarşısında rəftarına fikir versin".