Prezident İlham Əliyevin ötən ay Mingəçevirə səfəri çərçivəsində şəhərdə böyük sənaye parkının təməli qoyulub.

Qeyri-neft sektorunun və Mingəçevirin sənaye potensialının inkişafına yönəlmiş bu addım şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Sənaye parkı hələ keçmiş sovetlər dövründə ölkəmizin yüngül sənayesinin əsas müəssisələrindən sayılan Mingəçevir Toxuculuq Kombinatının 14,8 hektar ərazisində salınacaq. Burada mahlıc, iplik, toxuculuq, boyama və tikiş sahələri üzrə müasir tələblər səviyyəsində 9 müəssisənin yaradılması nəzərdə tutulur.

Unikal.org
xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyevin "Azərtaca verdiyi məlumata görə, şəhərin sənaye potensialının gücləndirilməsi, müasir infrastruktur və istehsal müəssisələrinin yaradılması, həmçinin yeni iş yerlərinin açılması istiqamətində görülən işlər uğurla davam etdirilir. Mingəçevir Sənaye Parkının yaradılması bu sahədə atılan ən mühüm addımlardan biridir. Artıq bununla bağlı müvafiq işlər görülür. Toxuculuq Kombinatının ərazisində söküntü işləri aparılıb, parkın təməlqoyma mərasimi keçirilib. Sənaye parkında rəqabətqabiliyyətli məhsulların istehsalı planlaşdırılıb. Burada pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika müəssisələri inşa olunacaq.

Pambıq iplik müəssisəsində ilkin mərhələdə illik 10 min ton, növbəti mərhələdə isə 20 min ton pambıq iplik istehsalı nəzərdə tutulur. İlkin mərhələdə istehsal gücü 3 min ton olacaq akril və yun iplik müəssisəsi fəaliyyətə başladıqdan sonra ölkənin bu sahədə idxaldan asılılığı tam aradan qaldırılacaq. Corab məhsulları müəssisəsi ilkin mərhələdə Azərbaycanın corab məhsulları üzrə tələbatının 50 faizini təmin edəcək, ildə 35 milyon cüt corab istehsal olunacaq. Ayaqqabı fabriki illik 1,5 milyon cüt dəri ayaqqabı və xüsusi təyinatlı iş ayaqqabıları istehsal edəcək. Tibbi kosmetika müəssisəsində iplik fabrikinin pambıq mahlıcı və iplik tullantıları təkrar emal olunaraq, ondan müxtəlif məhsullar hazırlanacaq. İllik istehsal gücü 15 milyon metr toxuma məhsulları təşkil edəcək pambıq toxuma fabrikində Avropanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılacaq. İstehsal olunan xam parçanın boyanması məqsədilə sənaye parkının nəzdində boyama fabriki də istifadəyə veriləcək. Parkda Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də yaradılacaq. Burada Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq, ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq. Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq azı 30 faiz azalacaq.

Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5,5 minə çatdırılacaq. Orta aylıq əməkhaqqı 450-1500 manat olacaq. İxtisaslı kadrların hazırlanması məqsədilə parkın nəzdində müasir təlim-tədris mərkəzi açılacaq, xarici mütəxəssislərin iştirakı ilə müasir istehsal texnologiyaları və prosesləri üzrə yerli peşəkar gənc kadrlar hazırlanacaq. Eyni zamanda, vaxtilə Toxuculuq Kombinatında çalışan ixtisaslı kadrlar üçün də iş imkanları yaranacaq.