Ruslan Abışov: "25 yaşımı tamamlayanda anam mənə xüsusi qızıl boyunbağı hədiyyə etmişdi".

Unikal.org "İnter klubunun və Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsini təqdim edir:

- Oktyabrın 10-da 29 yaşınızı tamamladız. Yaşın artmasından qorxmursuz?

- Yox. Deyirlər 100 yaşa. Amma mən bununla razıyam. Deyirəm ki, inşallah, 80 il yaşayım, rahat yaşayım, heç kimə əziyyət verməyim. Elə adam var ki, 100 il yaşayır, deyirlər ölüb getsəydi, canımız qurtarardı.

- Ad gününüzü ailədən uzaq yerdə, millinin düşərgəsində keçirdiniz. Yəqin ilk dəfə deyil ki, belə halla üzləşirsiz...

- 10 ilə yaxındı, bəlkə də çoxdu, belədi. Ad günümdə evdə olmuram. Oktyabrda həmişə millinin rəsmi oyunları olur. Buna görə də, ya səfərdə oluram, ya da Bakıda, millinin düşərgəsində.

- Çətin deyil?

- Mən də istəyərəm ki, ad günümü evdə, ailəmin yanında keçirəm. Amma birinci növbədə, işdi. Bizim işimiz də futboldu.

- Bəs evə qayıdandan sonra ad gününüzü qeyd edirsizmi?

- Hə. Hər dəfə qayıdanda anam mənim üçün eksklüziv yemək bişirir. Onun yeməkləri çox dadlı olur. Adətən, yığmadan evə qayıdandan sonra ad günümü qeyd edirik, yığıncaq olur, tort bişirilir.

- Millinin düşərgəsində ad gününüzü necə keçirdiz?

- Tort kəsdik. Robert Prosineçki başda olmaqla, məşqçilərimiz, eləcə də komanda yoldaşlarım təbrik edib, uğur arzuladılar. Mən də çalışacam ki, yaxşı nəticələr qazanıb, məni istəyənləri sevindirim.

- İlk təbriki kimdən aldınız?

- İlk təbrik gecə saat 12-də ailəmdən gəldi. Əvvəlcə qardaşım Sərxan, sonra o biri qardaşım, daha sonra valideynlər təbriklərini çatdırdı. Hamıdan təbrik aldım, zənglər, mesajlar gəldi. Ad günümü ailədən kənarda keçirmək insanı məyus edir. Yaş artdıqca daha çox həssaslaşırsan. Uşaq vaxtı buna o qədər də fikir vermirdim. İndi gecə saat 12 olan kimi, avtomatik baxıram ki, məni kimlər təbrik edib. Yaş artdıqca daha çox diqqət gözləyirsən. Məncə, yaxşı hissdi.

- Millinin düşərgəsində sizi birinci kim təbrik etdi?

- Qara Qarayev. "İnterdəki komanda yoldaşım Mirhüseyn Seyidov da ilk təbrik edənlərdən oldu. Klubun rəsmi səhifəsində də bununla bağlı məlumat dərc edildi. Hər kəsə minnətdaram.

- Ad günlərində aldığınız ən yaddaqalan hədiyyə...

- Ailəm tərəfindən verilən hədiyyələr həmişə yaddaqalan olur. 25 yaşımı tamamlayanda anam mənə xüsusi qızıl boyunbağı hədiyyə etmişdi. Çox dəyərli idi. Üstündə talisman kimi açar "klon vermişdi. Mənası uğurların açarı demək idi. Amma İslamda kişinin qızıldan istifadəsi bəyənilmədiyi üçün boynuma keçirə bilmirəm. İnşallah, gələcəkdə qız övladım olsa, ona hədiyyə edəcəm.

- Elə bir adam oldu ki, təbrikini gözləsəniz də, ad gününə biganə yanaşdı?

- Hamını başa düşmək lazımdı. Açığı, elə bir adam olmadı. Olubsa da, bəlkə də, fikirli olub, yadından çıxıb. Əsas ailənin, yaxınların təbrikidi.

- Yığmanın Norveç üzərindəki qələbəsi və Çexiya ilə heç-heçə sizin üçün yaxşı ad günü hədiyyəsi oldu. Elə deyilmi?

- Əlbəttə. İstərdim ki, çexlərə qalib gələk. Amma bu cür komanda ilə matçda heç-heçə də pis nəticə sayılmır. Ən əsası, çəkdiyimiz əziyyət boşa getmədi. 2 oyuna 4 xal yaxşı nəticədi. Qarşıdan Şimali İrlandiya ilə oyun gəlir. Həmin matçda da yaxşı nəticə qazanmağa çalışacağıq. Artıq ümidlərimiz artıb.

- Yəqin ki, bu görüşlərdə meydanda olmağı, özünüzə ad günü hədiyyəsi etməyi çox istərdiz...

- Düzdü, mənim xarakterim elədi ki, iştirak etmədiyim oyunlarda çox pis oluram. Özümdən asılı deyil. Amma futbolçu üçün ehtiyatda qalmağı həzm etməmək yaxşı haldı. Sadəcə, bəzi şeylər var ki, onları da qəbul etmək lazımdı. Mənim borcum çalışmaqdı. Əlindən gələni etməlisən ki, sənə hər zaman ehtiyac duyulsun. Klubumda işimi davam etdirəcəm. İstərəm ki, millinin növbəti oyunlarında əsas heyətdə yer alım.

- Yaş artdıqca özünüzdə nə kimi dəyişikliklər hiss edirsiz?

- Ən əsası həyata, futbola baxışım dəyişir. Xasiyyətimdə də dəyişiklik olur. Yaş artdıqca zamanın azaldığını, karyeranın sona yaxınlaşdığı hiss edirsən. Düzdü, zədələr olmasa, hələ 5-6 il oynamaq fikrim var. Amma yaşla bərabər məsuliyyət də artır. Çalışırsan ki, keçmişdə buraxdığın səhvləri indi və gələcəkdə təkrarlamayasan.

- 29 illik həyatına nəzər salanda "kaş, bu hərəkəti etməyəydim dediyin anlar olubmu?

- Sözsüz, səhvlərim çox olub. Səhvsiz insan yoxdu. Bacardığım qədərilə onlardan nəticə çıxarmağa çalışmışam. Səhv edə-edə təcrübə qazanırsan. Bir şey olacaqsa, mən istədimsə, istəmədimsə, olacaq. Önəmli olan odu ki, o səhvdən nəticə çıxarasan.

- Gələn il 30 yaşınız tamam olacaq. Onu necə qeyd etmək istərdiniz?

- Ailəm, qohumlarım və dost-tanışı yığıb, yaxşı yığıncaq keçirərdim. 25 yaşımı yaddaqalan şəkildə qeyd etmişdik. Qardaşım Sərxan mənə sürpriz hazırlamışdı. Oktyabrın 16-da yığma səfərdə Rusiya ilə oynamalı idi. Ondan qabaq Bakıda millinin düşərgəsindəydim. Sağ olsun, Berti Foqts mənə icazə verdi, ad günümü ailəmlə birlikdə keçirdim. Təkcə onda ad günümü evdəkilərlə birgə qeyd etmişəm. Mənə zəng vurdular ki, gəl filan restorana, səni gözləyirik. Düşündüm ki, ancaq öz ailəmiz olacaq. Getdim, gördüm qohum-əqrəba yığılıb, 30-40 nəfər adam var. Mənim üçün xoş sürpriz olmuşdu. İstərdim ki, 30 yaşımı da o cür qeyd edim.

- Bəs ad gününüzə xüsusi qonaq qismində kimi çağırmaq istərdiniz?

- Ulduz futbolçulardan Kriştianu Ronaldonu. Amma gərək Azərbaycan dilini bilsin ki, ad günümə gəlsin (gülür).