"Hakimlik etdiyim illərdə mənə heç kim rüşvət təklif etməyib. Mənə elə gəlir ki, bugünkü nəsilin heç birinə belə təkliflər olmayıb. Mən belə düşünürəm. Özümə gəldikdə isə, yəqin biliblər, öyrəniblər, başa düşüblər ki, mən buna gedən deyiləm.
Unikal.org xəbər verir ki, bu sözləri futbol11.az saytına müsahibəsində FİFA referimiz Əliyar Ağayev deyib.
O, hakimlərin ən böyük problemi olan rüşvət qalmaqallarından danışıb: "Mənə rüşvət təklif edən olsa, dərhal imtina edərəm. Hesab edirəm ki, müzakirə uzanmaz. Meydanda qaydalar çərçivəsində tam müstəqiləm. Meydanda həyatdakından da müstəqiləm.
Ağayev meydanda olduğu zaman azarkeşlərin təhqirlər yağdırmasına belə münasibət bildirib: "Mənim haqqımda tənqid varsa, normaldır. Bu olmasa, birmənalı olaraq inkişaf da olmaz. Amma təhqir... Bu, təkcə bizdə deyil. Bütün dünyada belədi. Sadəcə, bunun formaları var. Amma bizdə bəzən həddini aşır. Belə olan halda hakim özünü güclə salxayır. Təbii ki, hakim özünə hakim olmalıdı. 90 dəqiqə oyuna nəzarəti sən edirsən. Hakimliyə başlayanda bunları nəzərə alıb bu sahəni seçirsən. Hakim yoldaşımız Ömər Paşayev onu təhqir edənlərə cavab vermişdi. Çünki təhqirlər bütün oyun ərzində olub, Ömər də buna dözməyib. Bir tərəfdən bu, başadüşüləndi. Amma peşəkarlığa sığmır. Mentalitet məsələsini də düzgün qeyd etdin. Bilirsən, çox çətindi. Cavab qaytarmaq da düz çıxmır.
Gənc referi Avropa Liqasının qrup mərhələsinin ikinci turunda baş tutan "Roma- "Astraoyununu idarə etməsindən də danışıb:""Romanın oyununa təyinat almaqla məsuliyyətim daha da artmışdı. Bu, adi oyun kimi görünə bilərdi. Mənim üçün əlavə təzyiq ondan ibarət idi ki, bu, Avropanın mərkəzində olan bir oyundu. Bundan başqa Avroliqada adlı-sanlı bir neçə klub varsa, onlardan biri də "Roma"dı. Bilirdim ki, oyuna baxış sayı çox olacaq. Qarşılaşmanın İtaliyada olmasına görə, əlavə yerli hakim-inspektorun da oyuna baxması mümkün idi. Tottiyə göstərdiyim sarı vərəqələrim olan qutunun içindədi. Onun mənim üçün xüsusi əhəmiyyəti yoxdur. Düzdü, ulduz futbolçulardan biridi. Amma önəmli bir şey deyil. Messi də, Ronaldo da olsaydı, fərq etməzdi. Tottiyə sarı vərəqə göstərdiyim üçün çox zarafat etdilər. Onsuz da bütün KİV bu barədə yazdı. Məni də bir sual maraqlandırır ki, görəsən, Tottiyə sarı vərəqə verməsəydim, oyun barədə kimsə nəsə yazacaqdı? (gülür). Təbii ki, yazacaqdılar. Amma ən çox rezonans doğuran məqam Tottiyə göstərdiyim sarı vərəqə oldu. Rusiya mətbuatı da bu məsələni qabartmışdı. Düzdü, bu, məni narahat etmir. Xəbərin məhz belə məsələ üzərində qurulması da normaldı.
Əliyar Ağayev karyerasında ən etdiyi ən kobud səvhi açıqlayıb: "Bəzən elə səhv olur ki, bunun ardı pis nəticələnir. Misal olaraq, Azərbaycan kubokunun finalında baş tutmuş "Neftçi" - "Xəzər Lənkəran" oyununu qeyd edə bilərəm. Saşa Stamenkoviçə vaxtında sarı vərəqə versəydim, onun hərəkətlərinin ardı bəlkə də gəlməzdi. Bəlkə də onu cəzalandırsaydım, həmin hadisələr olmazdı. Ötən mövsüm də səhvlər oldu. "Neftçi" - "Qəbələ" oyununda etdiyim səhvi özümə bağışlamadım. Bəzən elə olur ki, oyun gedə-gedə səhv qərar vermişəm. Düzdü, hamı qərarı qəbul edib. Amma özüm də hiss etmişəm ki, qərarım yanlışdı. Buna görə oyunun gedişatında üzr də istəmişəm. Bunu da normal qarşılayırlar. Oyundan sonra isə klublardan üzr istəmələr olsa, bu ardıcılıq halı alacaq və artıq klublar bununla kifayətlənməyəcək. Hər dəfə səhv edib, üzr istəməklə iş düzəlmir.
Referi meydanda başına gələn gülməli hadisələrdən birini belə xatırlayıb: ""Bayıl Arenada "Rəvan"ın hansısa komanda ilə oyununu idarə edirdim. Sürətlənməyə başlayanda butsım ayağımdan çıxdı. Həmin video indiyədək məndə var (gülür). Səhv eləmirəmsə, mətbuatda həmin video yoxdu. Butsını əlimə götürüb, bəlkə də 1 dəqiqə qaçmışam. Daha sonra vaxt tapıb butsını ayağıma keçirmişəm.
Hakimimiz İslam dininə yaxın olması haqqında bunları deyib: "Açığı, bu barədə danışmağı çox sevmirəm. Bunu qısa keçsək, daha yaxşı olar. Din barədə saatlarla danışmaq olar. Mən gözümü açanda ailəmizdə, nəsilimizdə ibadət edənləri görmüşəm. Bunun da mənim üçün böyük rolu olub. Dinə gəlmək mənə düzlüyü, səbrli olmağı öyrədib. Yəni, mənfiləri yoxdu, amma müsbət cəhətləri çoxdu. İnsan kimi formalaşmağımda dinin rolu danılmazdı. Həcc ziyarətinə də getmişəm. Namazımı qılır, orucumu tutur, harama əl uzatmıram. Digər məsələlər isə məni maraqlandırmır. Hətta ziyarətdən evə gələrkən evdəkilərə SMS yazmışdım ki, mənə "Həci" deyə müraciət etməsinlər. Sadəcə, İslamın 5 şərtindən birini yerinə yetirmişəm.