Sən demə süni örtüklü meydançalar insanlarda xərçəng xəstəliyinə səbəb olur. Uzun müddətdir bir çox qabaqcıl ölkələrdə gündəmdə olan bu məsələ tibbi cəhətdən də əsaslandırılıb. Artıq süni örtüklü meydançaların qadağan edən ölkələr də var. Bəs süni örtüklərlə bağlı Azərbaycanda vəziyyət nə yerdədir?
Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, ot örtüyü ilə müqayisədə süni örtüyün saxlanılması daha asan və ucuz başa gəldiyindən bir çox yerlərdə o, cümlədən Azərbaycanda belə meydançalar geniş yayılıb. İndiyədək bu örtüyün idmançılarda zədə riskini artırması ilə gündəmə gəlirdisə indi daha ciddi, iddialar müzakirə mövzusudur. Belə ki, bu örtüklərin xərçəng xəstəliyi riskini də artırdığı üzə çıxıb.
Neyrocərrah Əliosman Qədimbəyli də süni örtüklü meydançalardakı örtüyün tərkibində olan karbohidrogen maddələrin xodkinlinq forması deyilən xərçəng xəstəliyi yaratdığını deyir.
Bundan başqa süni örtükdə futbol oynamaq dəri xərçənginə də səbəb ola bilər.
Həkimin dediyinə görə süni örtüklərdə futbol oynamağın fəsadları bununla da bitmir. Belə ki, mütəmadi olaraq belə örtüklərdə futbol oynayanların bel fəqərələrində disk yırtıqları, dizlərində və aşıq-baldır oynaqlarında ciddi fəsadlar, deformasiyalar yarana bilir. Süni örtükdə futbol oynadıqdan sonra səhhətlərində müəyyən problemlərin yarandığını və zədələrin daha gec sağaldığını belə yerlərdə futbol oynayanlar da təsdiqləyir.
Ölkəmizdə süni örtüklü meydançaladan nəinki həvəskar futbolda, hətta peşəkar futbol oyunlarında belə istifadə olunur. Bir sıra peşəkar futbol liqası komandasının oyun meydançaları da süni örtükdən ibarətdir. Buna görə də bu məsələnin geniş müstəvidə müzakirə olunmasına və çıxış yolları tapılmasına böyük ehtiyac var.