Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin oktyabrın 24-də rəsmi qarşılanma mərasimi olub.

Unikal.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşılayıb.



Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Prezidentinə raport verib. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Prezident Kolinda Qrabar-Kitaroviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Xorvatiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.



Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdiriblər.

***


Oktyabrın 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü olub.

Unikal.org xəbər verir ki, görüşdə Xorvatiya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı bu ilin əvvəlində Londonda keçirilən "Suriyaya və regiona dəstək konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırlatdı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu dedi.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya Prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğuladı. Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd etdi.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


***


Oktyabrın 24-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə geniş tərkibdə görüşü olub.

***


Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər