Prezident İlham Əliyev milli komandamızın qələbəsindən danışıb.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatında çıxışı zamanı yığmamız haqqında bunları deyib:

"Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım Prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır. Xanım Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz".


Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin

bəyanatı

- Çox sağ olun, cənab Prezident.

Xanımlar və cənablar, sabahınız xeyir.

İlk növbədə, icazənizlə, Prezident Əliyevə bizi Azərbaycanda belə səmimi qarşıladığı üçün təşəkkürümü ifadə edirəm. Bu gün və sabah Bakıda olmaq məndə böyük məmnunluq hissi doğurur.

Əvvəla, futbol üzrə yığma komandanızın əldə etdiyi nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə milli qürur hissi və ölkənizdə birlik üçün çox vacibdir. Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir.