Martın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün maraqlı ola bilən bir yenilik var. 

Unikal.org xəbər verir ki, avtosfer.az-ın məlumatına görə, yeni Məcəllə sürücülərin məsuliyyətə cəlb edildiyi xətalar sırasından "qəza şəraitinin yaradılması"nı çıxarıb. Belə ki, hazırda qüvvədə olan və sabah qüvvədən düşəcək Məcələnin 151.3-cü maddəsində "qəza şəraitinin yaradılması" adlanan inzibati xəta var. Onun hüquqi anlayışı belədir: qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi. Bu xətaya görə 80 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Yeni Məcəllənin 327.3-cü maddəsində və digər normalarında "qəza şəraitinin yaradılması" adlı xəta təsbit edilməyib. Bu, o deməkdir ki, həmin xəta ləğv edilib.

"Qəza şəraitinin yaradılması" xətasının ləğvi tamamilə məntiqli olmaqla, gözlənilən idi. Sürücülərin yolayrıclarında və ya digər yol səhələrində başqa nəqliyyat vasitələrinə yol vermədiyi halda daha tez-tez tətbiq olunan "qəza şəraitinin yaradılması"nın əlamətləri yol verməmənin əlamətlərindən heç nə ilə fərqlənmirdi. Əksinə, "Yol hərəkəti haqqında" Qanunun 1-ci maddəsində "yol vermə"yə verilən anlayışı "qəza şəraitinin yaradılması"nın anlayışı ilə müqayisə etdikdə belə çıxırdı ki, hətta yol verməmə zamanı üstünlüyü olan nəqliyyat vasitəsinə daha ciddi mane yaradılır, nəinki qəza şəraiti yaradıldıqda. Bu isə aşkar məntiqsizlik idi, çünki qəza şəraitinin yaradılmasının sanksiyası daha sərt idi. Bu xətanın anlaşında və təcrübi tətbiqində başqa problemlər də var idi. Elə bu səbəbdən hələ 2008-ci ildə işıq üzü görmüş kitabımda bu xətanın Məcəllədən çıxarılmalı olduğunu əsaslandırmışdım.

Yeni Məcəllənin layihəsinin müəllifləri də həmin xətanın ləğvi zərurətini müəyyən edərək onu Məcəllədən çıxarıblar. Yeni Məcəllə qüvvəyə mindikdən sonra yolda hərəkət vaxtı konkret hərəkət iştirakçısına mane olan sürücünün törətdiyi qayda pozuntusu etdiyi manevrə uyğun hüquqi qiymət alacaq. Məsələn, yolayrıcını keçərkən üstünlüyə malik nəqliyyat vasitəsinə yol verilmədikdə yolayrıcını keçmə qaydalarını pozma (60 manat cərimə və 3 cərimə balı), eyni istiqamətli zolaqlarda yerdəyişmə zamanı üstünlüyə malik nəqliyyat vasitəsinə mane olma isə əks istiqamətli hərəkət zolaqlarına çıxmadan manevr etmə qaydalarını pozma (40 manat cərimə) kimi qiymətləndiriləcək. Hər bir halda "qəza şəraitinin yaradılması" xətasının ləğvi sürücülərin məsuliyyəti məsələsində hüquqi müəyyənliyi artırmış olur.