"Evrostroy şirkətinin Yeni-Yasamal, Əsəd Əhmədov küçəsində Milli Elmlər Akademiyasının işçiləri üçün inşa etdiyi binada dam örtüyünün vurulmaması səbəbindən yuxarı mərtəbələrdə təmir olunan mənzillərə ciddi ziyan dəyməsi ilə bağlı xəbər vermişdik.

Bildergebnis für zahid orucMəsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Unikal.org-a açıqlamasında deyib ki, bu kimi problemlərin həlli istiqamətində Parlamentdə bir müddət əvvəl məsələ qaldırıb:
"Mən bu kimi problemlərlə bağlı parlamentdə məsələ qaldırmışdım. Milli Məclisin müvafiq komitələrinin bu yöndə yaxın ölkələrin təcrübəsini öyrənmələri təşəbbüsü irəli sürülmüşdü. Problemin hələ də aktuallığı onu göstərir ki, məsələni bir daha parlamentdə qaldırmağa ehtiyac var. Bu, fərdi bir bina hadisəsi deyil, bütövlükdə Azərbaycanda vətəndaşlarla tikinti şirkətləri arasında olan ciddi problemdir və çözümü üçün hüquqi çərçivəni müəyyənləşdirmək lazımdır. Bir daha Milli Məclisdə bununla bağlı məsələ qaldıracağam.

Z.Orucun fikrincə, Azərbaycanda ötən zaman ərzində tikinti şirkətləri ilə müştərilər arasındakı münasibətləri ən yüksək hüquqi tələblərə tabe etdirmək lazım idi: "Təəssüflər olsun ki, bunu həyata keçirə bilmədik. Tikinti prosesində olan, hətta, artıq istismara verilmiş mənzillərdə də vətəndaşlar kooperativ qurumlarla, təşkilati firmalarla münasibətlərini normal formada qura bilmirlər. Ona görə də, əksər binaların sonuncu mərtəbəsinin dam örtüyü vurulmur, şirkətlər insanlara dəfələrlə əlavə porblemlər yaratmaqda davam edirlər. Buna baxmayaraq həmin kooperasiya qurumları vətəndaşlardan ödənişlər yığır. Problemin birdəfəlik həlli üçün ayrıca qanuna ehtiyac var. Dünya ölkələrində belə məsələlər necə həllini tapırsa, bizdə də o formada olmalıdır. Tikinti şirkəti ilə vətəndaş arasında müqavilə bağlanan zaman qeydiyyatdan keçməlidir və dövlət reyestr qurumu da həmin tikinti prosesini hüquqiləşdirməlidir. Bunun əsasında vətəndaş hətta, tikilməmiş yerin belə özəl sahibinə çevrilir. Belə olan təqdirdə tikinti sektorundaki bir çox neqativ halların qarşısı alınmış olur. Burada öhdəliklər məsələsi də tam müəyyənləşir. Yeni tikilən binalarda qaz, su, işıq təminatı, eyni zamanda, vətəndaşların iradəsindən kənarda hər hansı bir narazılıq yaradan hallar baş vermir. Rusiya kimi ölkədə belə qanunvericilik aktı mövcuddur. Hesab edirəm ki, bizim ölkəmizdə də bu kimi qanunvericilik aktına ehtiyac var.