"Neftçi" komandası bu gün "Qarabağ"la Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirəcəyi oyuna futbolçu itkiləri ilə çıxacaq.
Unikal.org bildirir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşçisi Elxan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, müdafiəçi Məqsəd İsayev və yarımmüdafiəçi Elşən Abdullayev zədə səbəbindən meydana çıxmayacaq. Komandanın kapitanı Araz Abdullayev səhhətində yaranan problem səbəbindən bu gün komandasına kömək edə bilməyəcək. Onun yoxluğunda "sarğı" Cavid İmamverdiyevə həvalə olunacaq. Daha bir müdafiəçi Rahil Məmmədov isə cəzalı olduğu üçün "18-lik"dən kənarda qalacaq.
E.Abdullayev komandaya yeni qoşulan müdafiəçi Mahir Şükürovun da "Qarabağ"a qarşı forma geyinə bilməyəcəyini söyləyib: "Komandada zədəliləri əvəz edəcək futbolçular var. Mahir Şükürov da bu gün meydanda olmayacaq. Çünki Mahirin transfer vərəqi hələ gəlməyib. Düzdür, o, 90 dəqiqə meydanda ola bilməz, tam formada deyil. Ancaq komandaya kömək edə bilər".
Baş məşqçi bu yaxınlarda komandanın düşərgəsində olan hollandiyalı hücumçu Geyon Fernandesdən imtina səbəbini də açıqlayıb: "Onun fiziki durumu hazırda çox aşağıdır. Düzdür, güclü futbolçudur. Keçmiş oyunlarına baxdıqda, adam təəccüblənir. Amma beş aya yaxındır ki, futbol oynamayıb və baş məşqçisiz qalıb".
46 yaşlı mütəxəssis, həmçinin qış fasiləsində heyətdə dəyişiklərin ediləcəyini və bütün mövqelərdə gücləndirmə işlərinin aparılacağını vurğulayıb.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" matçı saat 19:00-da başlanacaq.