Cari ildə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 70 nəfər şəxs ehtiyac duyduqları yardımlarla təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Unikal.org-a verilən məlumata görə, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi (İAQYM) tərəfindən cari ildə 70 nəfər şəxs ehtiyac duyduqları yardımlarla təmin olunub. Onlardan 50 nəfərini DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 20 nəfərini isə qeyri-hökümət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş, insan alverinin qurbanına çevrilmək təhlükəsi olan insanlar təşkil edib.

Həmin şəxslər mərkəzin xidmətləri ilə əhatə olunub və onlardan bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə 30 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 13 nəfərə tibbi yardım göstərilməsi təmin edilib. 31 nəfərin məşğulluğuna, 15 nəfərin peşə hazırlığına cəlb olunmasına müvafiq köməklik edilib. Qeyd olunan insanların əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, eləcə də insan alverinin qurbanına çevrilmək təhlükəsi aradan qaldırılıb. İnsan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi ilə üzləşmiş şəxslərin bir hissəsi ilə işlər isə davam etdirilir.