Cəlilabad rayonundakı Ağdaş Su Anbarının daşması nəticəsində Masallı rayonunun su basmış 3 kəndinə dəymiş ziyan müəyyənləşib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı məlumat verib.
Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində rayonun Təklə, Xırmandalı və Hacıtəpə kəndlərində 230-a yaxın ev və həyətyanı sahəyə ziyan dəyib: "Hadisə nəticəsində iki köhnə ev qəzalı vəziyyətə düşüb və ev sahibləri həmin mənzillərdən köçürülüblər. Su basan evlərdən 130-u Xırmandalı kəndindədir. Bu kənd dəniz səviyyəsindən 28 metr çökəklikdə yerləşdiyindən yağışlı havada da burada vəziyyət çətinləşir. Anbar daşanda da əsasən bu kənd ziyan çəkib. Təklə kəndində 40 ev, Hacıtəpə kəndində isə 10-a yaxın evi su basıb".
N.Muxtarlı bildirib ki, kəndlərdə evlərə dəymiş ziyan hesablanıb, bununla bağlı akt tərtib edilərək Nazirlər Kabinetinə göndərilib.