Təbii sərvətləri və bioloji müxtəlifliyi ilə Qafqazın zəngin bölgələrindən biri olan Azərbaycanın ən qiymətli fauna növləri sırasında ceyran (Gazella subgutturosa) xüsusi yer tutur. Ölkənin mədəni-məişət ənənələrində də geniş yer almış bu nadir növün hələ 20-ci əsrin ikinci yarısından başlayaraq nəslinin kəsilməsi təhlükəsi yaransa da, son illərdə Azərbaycan hökumətinin təbiəti mühafizə təşkilatları ilə birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ceyranların sayında nəzərə çarpacaq artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, belə ki, 1960-cı ildə aparılmış aviasayğı nəticəsində respublika ərazisində cəmi 131 baş ceyran qeydə alınmışdı.
Bu növün xilas edilməsi üçün Şirvan düzündə Bəndovan yasaqlığı, sonralar mühafizə rejimi gücləndirilərək Şirvan dövlət qoruğu yaradılsa da, ceyranların say artımı ilə bağlı istənilən nəticə əldə olunmamışdı.
2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Şirvan Milli Parkının yaradılmasından sonra isə qısa müddətdə ceyranların sayında ciddi artım qeydə alınıb və onların sayı 7 mini keçib.
Eyni zamanda, ceyranların sayının nəzərəçarpacaq dərəcədə artması onların bütün tarixi arealını bərpa etmək imkanı yaradıb. Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və WWF-Ümumdünya Təbiəti Mühafizə Fondunun birgə səyləri nəticəsində bu növün hazırda Azərbaycan Respublikası, həmçinin Cənubi Qafqazda olan bir sıra tarixi məskənlərinə qaytarılması məqsədilə "Ceyranların mühafizəsi, reintroduksiyasi və tarixi areallarının yenidən bərpasılayihəsi uğurla icra olunur. Son 6 il ərzində layihə çərçivəsində Şirvan Milli Parkı ərazisindən ümumilikdə 170 başa yaxın ceyran tutularaq Acınohur-Sarıca düzlərinə, Bozdağ silsiləsinə, Ağgöl və Qobustan yaylasına buraxılıb.
Qonşu Gürcüstan Respublikasının faunasından tamamilə yoxa çıxmış bu növün bərpası məqsədilə Vaşlovani Milli Parkı ərazisinə də 2013-cü ildən etibarən 10 başdan ibarət ceyran sürüsü buraxılıb.
Qeyd edək ki, ceyran fərdləri 1989-cu ildə nəsli kəsilməkdə olan növ kimi Qırmızı Kitaba daxil edilib. 2013-cü ildə yeni Qırmızı Kitab hazırlanarkən isə sayında əhəmiyyətli artım olmasına və kritik növlər siyahısından çıxmasına baxmayaraq, insanlara şüuraltı siqnal və psixoloji sədd olacağı nöqteyi-nəzərindən onun adı yeni Qırmızı Kitabda da saxlanılıb.
Bu o deməkdir ki, ceyranın ovlanması istər mühafizə olunan ərazilərdə (qoruqlarda, Milli Parklarda), istərsə də ümumi statuslu ərazilərdə cinayət sayılır və heç bir şərtlə onların ovlanmasına icazə, lisenziya verilmir (hətta 1 milyon manata da). Əgər gələcəkdə ceyranlarla bağlı bütün layihələr uğurla başa çatarsa və onların sayı ərazilərin qidalandırma imkanlarını aşarsa, onda populyasiyanın sağlam qalması naminə say tənzimləyici tədbirlər görülə bilər.
Hazırda ceyranların ciddi mühafizəsi və sayının artırılması istiqamətində aparılan işlər davam etdirilir.