Qaradağ rayonunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. 

Unikal.org-un APA- ya istinadən verdiyi xəbərə görə, qəza Qaradağ rayonu ərazisində, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə gedən yolun 39-cu kilometrliyində baş verib.

Məlumata görə, "QAZ 31, "VAZ 2107, "QAZ 24 markalı minik avtomobilləri, iki "KamAZ və "Mercedes markalı yük avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisə yük maşınlarından birinin aşmış "Kamaz markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.

Qəza nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Qəza ilə bağlı yolda tıxac yaranıb. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.