Bakının Yasamal rayonu, Şərifzadə küçəsində - «Kaktus» restoranın qarşısında avtobuslar xaos yaradır. 

Unikal.org xəbər verir ki, Avtosfer.az-ın əməkdaşları dünən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin nümayəndələri ilə birlikdə ərazidə müşahidə aparıblar və vəziyyəti öyrəniblər. Məlum olub ki, avtobuslarla yanaşı, taksilər də sıxlığa və təhlükəli vəziyyətə səbəb olur. Belə ki, avtobusların bir neçəsi, eləcə də 165 saylı avtobuslar həmin ərazidən geriyə dönərkən yolun sağındakı dayanacağı özlərinə son dayanacaq seçiblər. Bu səbəbdən də onlar düz 6 dəqiqə burada dayanırlar. Dyanacağın vəziyyəti isə elədir ki, burada cəmi iki avtobus ard-arda dayana bilər. Digərləri - 33 və 77 saylı avtobuslar isə ikinci, bəzən isə üçüncü zolaqda, əksər hallarda da dayanacağa çatmamış sərnişinləri mindirib-düşürürlər. Üstəlik, bəzi taksi sürücülərinin avtomobili dayanacaq ərazisində, eyni zamanda, piyada keçidinin üstündə saxlaması daha təhlükəli vəziyyət yaradır. Belə ki, piyadalar bu dayanacaqda avtobusdan düşüb yolu keçmək istədikdə taksilərin qarşısından, həmçinin, avtobusların arasından qəflətən yola çıxmalı olurlar. Bu da digər sürücülər üçün problem yaradır, piyadalar isə təhlükə ilə üz-üzə qalırlar.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, 165 nömrəli marşrutun son dayanacağı dayanacağın arxasındakı binanın arxa tərəfidir. Amma avtobuslar ora getmir və dayanacağı 6 dəqiqə zəbt edərək sıxlıq yaradırlar. Sakinlər bunu nəqliyyatın intellektual idarəetmə maxanizmindəki problemlə izah edirlər.

Yol polisi əməkdaşlarını görən taksi sürücüləri qaçmağa çalışsa da, DYP onlara xəbərdarlıq edib. Lakin bir qədər sonra fərdi avtomobillər və taksilər yenidən dayanacağı zəbt ediblər.

Maraqlıdır ki, ərazidə müşahidə kameraları olsa da, dayanacaqdan kənarda dayanan avtobusların, habelə, dayanacağı zəbt edən taksilərin qayda pozuntusu qeydə alınmır. Halbuki, İnzibati Xətalar Məcəlləsinə edilmiş son əlavələrdən biri də avtobusların dayanacaqdan kənarda sərnişin mindirib-düşürməsinin kamera vasitəsilə qeydə alınması və 100 manat-4 bal cərimə tətbiq olunması ilə bağlıdır.

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi bu vəziyyətə müdaxilə edərək ərazidəki təhlükəni aradan qaldıracaq və avtomobillərin və piyadaların hərəkəti normal hala düşəcək.