"Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş şəhər günləri işğaldan azad edilmiş ərazilərin mənəvi-tarixi və siyasi-strateji əhəmiyyətini vurğulayır. Bu, həm tarixi hadisələrin xatırlanması, həm də xalqın azadlıq uğrunda apardığı mübarizənin nəticələrinin gələcək nəsillərə çatdırılması məqsədini daşıyır."

Bu sözləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bələdov bildirib. Deputat deyib ki, bu təşəbbüs həm tarixi hadisələrin xatırlanması, həm də xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticələrinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır: "26 avqust – Laçın şəhəri günü Azərbaycanın hərbi-siyasi qələbəsinin və dövlətçilik mövqeyinin aydın ifadəsidir.”

Deputat qeyd edib ki, Laçın rayonu tarixən strateji coğrafi mövqeyə malik olub. Uzun illər Ermənistanı Qarabağla birləşdirən əsas tranzit funksiyasını daşıyan bu ərazi regional təhlükəsizlik baxımından həmişə kritik nöqtə hesab olunub:

“1992-ci ildə Laçının işğalı Azərbaycan üçün böyük strateji itki idi. Ermənistan faktiki olaraq Qarabağ üzərində nəzarətini möhkəmləndirmiş, ölkəmizin bölgə ilə əlaqə imkanlarını məhdudlaşdırmışdı. 44 günlük Vətən müharibəsindən sonra isə Laçın 1 dekabr 2020-ci il tarixində döyüşsüz olaraq Azərbaycana qaytarıldı. Bu, xalqımızın sarsılmaz iradəsinin parlaq ifadəsi kimi tarixə yazıldı və bölgədə davamlı sülhün, sabitliyin bərpası üçün möhkəm zəmin yaratdı.”

Bədəl Bədəlovun sözlərinə görə, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin, ardınca isə 2023-cü il aprelin 23-də sərhəd-keçid məntəqəsinin Azərbaycanın nəzarətinə qaytarılması ölkəmizin suveren hüquqlarının tam bərpa edilməsi baxımından mühüm hadisə oldu:

“Laçının azad olunması Azərbaycan Ordusuna strateji üstünlüklər qazandırdı. Bu həm manevr imkanlarımızı genişləndirdi, həm də separatçı qüvvələrin təchizat yollarını kəsərək onların hərbi potensialının zəifləməsinə səbəb oldu. Nəticədə, 2023-cü ilin payızında həyata keçirilmiş antiterror tədbirləri uğurla başa çatdırıldı.”

Deputat bildirib ki, Laçın rayonunun bərpası yalnız hərbi-strateji deyil, həm də iqtisadi və sosial aspektlərdən mühüm əhəmiyyət daşıyır:

“Laçının zəngin yaylaqları, meşələri və təbii ehtiyatları kənd təsərrüfatı, arıçılıq və turizm üçün böyük imkanlar açır. Burada geniş infrastruktur layihələri həyata keçirilir, yollar, elektrik və su xətləri yenidən qurulur. Ən əsası isə, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin iqtisadi potensialını beynəlxalq miqyasda reallaşdırmaq üçün unikal imkan yaradır.”

Millət vəkili əlavə edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı milli kimliyin bərpasında və sosial rifahın gücləndirilməsində mühüm rol oynayır:

“Artıq yüzlərlə ailə Laçında tikilən müasir evlərə yerləşdirilib. Məktəblər, xəstəxanalar, sosial və mədəniyyət ocaqları bərpa olunub. İnsanların ata-baba yurdlarına dönüşü yalnız sosial əhəmiyyət daşımır, həm də milli yaddaşın qorunmasında həlledici rol oynayır.”

Sonda Bədəl Bədəlov vurğulayıb:
“26 avqust – Laçın şəhəri günü göstərir ki, Azərbaycan yalnız ərazi bütövlüyünü təmin etməklə kifayətlənmir, həm də bu torpaqlarda həyat yaradır, sosial və iqtisadi inkişafı təmin edir. Laçın artıq təkcə Qələbənin deyil, həm də gələcəyə inamın və davamlı inkişafın rəmzinə çevrilib.”