Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Suraxanı rayon bölməsinin əməkdaşları Müdafiə Nazirliyinin polkovniki Mehman Yusifova qarşı fiziki güc tətbiq ediblər.
Unikal.org "Sputnik"ə istinadən xəbər verir ki, baş verən hadisə ilə əlaqədar polkovnik dünən axşam Suraxanı rayonunda yerləşən 33 saylı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.
Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, Yusifovun sözlərinə görə, fevralın 24-də saat 23:00-da DYP müfəttişləri Yeni Günəşli qəsəbəsinin Beşinci yaşayış sahəsi yaxınlığında onun avtomobilini saxlayıblar. Polislər iddia ediblər ki, Yusifov yol hərəkəti qaydalarını pozub.
Polkovnik isə bunun əksini sübut etməyə çalışıb. Bu zəmində polis əməkdaşları ilə mülki geyimdə olan Yusifovun arasında münaqişə yaranıb. Münaqişə zamanı polislər yumruqlarını işə salıblar və hətta həmkarlarını köməyə çağırıblar.
Hələlik məlum deyil ki, bu qarışıqlıqda Yusifov polis işçilərinə hərbi qulluqçu vəsiqəsini göstərə bilib, ya yox.
Zərərçəkmişin sözlərinə görə, polis əməkdaşları ona bədən xəsarətləri yetiriblər. İşin materialları Suraxanı rayon prokurorluğuna göndərilmək üçün hazırlanmaqdadır. Prokurorluqda isə, öz növbəsində, qeyd ediblər ki, nə olursa olsun, polis əməkdaşlarının fiziki güc tətbiq etməyə ixtiyarları yox idi.