"Azərbaycanda əkin sahəsinin 74 faizini taxıl və yem bitkiləri təşkil edir. Taxıl və yem bitkiləri Azərbaycan aqrar istehsalının cəmi 11 faizini yaradır. Biz daha çox torpaq resursumuzu daha az dəyər yaradan məhsullara ayırmışıq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, taxıl istehsalı bizim üçün strateji əhəmiyyətlidir: "Bu bizim gündəlik həyat tərzimizin bir parçasıdır. Biz bundan imtina edə bilmərik. Bizim ərazilərimizin ciddi bir hissəsi taxıl və yem bitkilərinin istehsalına ayrılır. Bizim məqsədimiz məhsuldarlığın artırılmasıdır. Azərbaycanın aqrar iqtisadiyyatını səciyyələndirən məqamlardan biri tarixən daha çox sahənin əkinə cəlb olunması siyasəti idi. Bir zamanlar bu sahə daha çox iş yeri, daha çox imkanlar yaradırdı. Lakin zaman keçdikcə aqrar sahə tam özəl istiqamətə keçib. Yəni dövlət istehsalla, dövlət birbaşa ticarətlə məşğul deyil.

Azərbaycanda yaradılan bütün məhsul tamamilə özəl sektor tərəfindən istehsal olunur, tamamilə özəl sektor tərəfindən gətirilir, ticarət, istehsal və emal olunur. Buna görə də özəl sektor məhsul proqramında ana xəttlərin birini tutur. Özəl sektor üçün vacib məqam mənfəətlilikdir. Biz daha çox sahəni əkməli deyilik, bir sahədən daha az resursla daha çox məhsul əldə etməliyik. Odur ki, Dövlət Proqramının əsas məqsədi məhz bu transformasiyaya nail olmaqdır. İlk növbədə insanların zehnlərində bu dəyişikliyə nail olmalıyıq. Bu səbəbdəndir ki, son illərdə aqrar-iqtisadi artım dinamikasının aşağı düşdüyünü görürük”.

Anar Kəlbiyev