"Hazırda Amerikanın Oklahoma Universiteti ilə artıq gələn tədris ilindən etibarən ikili diplom proqramının həyata keçirilməsi işi yekunlaşdırılmaqdadır. Son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsində gedən uğurlu inkişaf kadr və mütəxəssis marağına da ciddi səbəb olub. Tələbələrin Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunması, eyni zamanda kənd təsərrüfatı ixtisasına olan maraqların geniş vüsət alması bizə bir daha ümid verir ki, mütəxəssis hazırlığında və gələcəkdə Azərbaycanda aqrar sahədə mütəxəssislərin hazırlanmasında çox böyük inkişaf gözlənilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda irəli gələn vəzifələr barədə ictimai dinləmədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.
"Azərbaycanda eyni zamanda aqrar elmin inkişafı ilə də bağlı ciddi tədbirlər həyata keçirilməkdədir. Fəxr və qürurla qeyd edə bilərik ki, son illərdə Azərbaycan Dövlət Aqrar Universiteti beynəlxalq reytinq standartlarında, beynəlxalq reytinqlərdə də uğurlu nəticələr göstərməkdədir və 2025-2026-cı tədris ilinin nəticələrinə görə Azərbaycan Dövlət Aqrar Universiteti Avropa universitetləri arasında minliyə daxil olub və bu, təbii ki, son hədəfimiz deyil və çalışmalıyıq ki, universitetimiz daha geniş və böyük nəticələr əldə etsin. Eyni zamanda müasir tələblərə uyğun olaraq keyfiyyətli mütəxəssis hazırlığında yeni standartların hazırlanması və tədris proqramlarının yenilənməsi də ciddi önəm kəsb edir.
Artıq növbəti ildən magistratura ixtisaslarında yeni standartların və eyni zamanda tədris proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Bu standartların hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən milli və transmilli təşkilatların iştirakı, eyni zamanda bir çox beynəlxalq institutların da iştirak etdiyini nəzərə alaraq yeni standart və proqramlar nəzərdə tutulub. Əlbəttə ki, qürurverici məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan Dövlət Aqrar Universitetində yerli mütəxəssislərlə yanaşı, Türkiyədən ildə 30 nəfərə yaxın professorlar ali təhsildə tədrisə cəlb olunur. Bu da birgə fəaliyyətin üstün cəhətlərindən biri kimi qiymətləndirmək mümkündür. Azərbaycan Dövlət Aqrar Universitetinə əcnəbi tələbələrin də marağı geniş şəkildə vüsət alıb və tək keçən tədris ilində biz 121 nəfər tələbəni 11 ölkədən universitetə qəbul etmişik və onların təhsili davam etdirilir".
Anar Kəlbiyev



















































