"Qlobal iqlim dəyişikliklərinin təsirlərinin artdığı, su resurslarına təzyiqin yüksəldiyi və qida təhlükəsizliyinin strateji əhəmiyyət qazandığı dövrdə dayanıqlı su təminatı kənd təsərrüfatının inkişafı üçün həlledici amillərdən biridir".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.
Sədr müavini bildirib ki, bu baxımdan Azərbaycan Dövləti Su Ehtiyatları Agentliyi tərəfindən yeni su ehtiyatlarının yaradılması, mövcud infrastrukturun yaxşılaşdırılması, su itkilərinin azaldılması, su uçotunun dəqiqləşdirilməsi və sudan qənaətli istifadənin təmin olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir.
"Diqqətinizə çatdırmaq istərdim ki, ölkəmizin sosial-iqtisadi inkişafı fonunda həm içməli suya, həm də suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən olub. Son 20 ildə ümumi tutumu 557 milyon kubmetr olan 5 yeni su anbarı tikilib, ümumi tutumu 37 milyon kubmetr olan 5 su anbarı təmir edilib. Eyni zamanda uzunluğu 4,7 min kilometrdən artıq olan suvarma kanalları yenidən qurulub, kollektor-drenaj şəbəkələri bərpa edilib və 4 minədək yeni subartezian quyusu qazılıb. Son dövrdə 26,8 milyon kubmetr tutuma malik Zabux su anbarı istifadəyə verilib, ümumi həcmi 44,3 milyon kubmetr olan Suqovuşan, Xaçınçay və Köndələnçay su anbarları əsaslı təmir edilərək istismara qaytarılıb. Bundan əlavə, 51,6 kilometr uzunluğunda magistral suvarma xətti çəkilib ki, həmin xətt vasitəsilə Qubadlı və Zəngilan rayonlarında ümumilikdə 12 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb. Hazırda icra olunan ən mühüm strateji layihələrdən biri Şirvan suvarma kanalının tikintisidir. Kanalın uzunluğu 204,3 kilometr təşkil edir və təxminən 228 min hektar torpaq sahəsinin suvarılmasına xidmət göstərəcək. Bu layihə çərçivəsində 112 min hektar mövcud torpaq sahəsinin su təminatı yaxşılaşacaq və 106 min hektar yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb ediləcəkdir".
Anar Kəlbiyev

















































