"Balıqçılıq və akvakultura sahəsində 1998-ci ildən qüvvədə olan qanunvericiliyin yenilənməsi nəzərdə tutulur. Yeni “Balıqçılıq haqqında” qanun rəqəmsallaşmanın genişləndirilməsi, qeydiyyat və uçotun sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və idarəetmənin təkmilləşdirilməsini təmin edəcək. Eyni zamanda nəzarətin gücləndirilməsi ilə su bioresurslarının qorunması və qanunsuz ovçuluğun qarşısının alınması təmin olunacaq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, bitkiçilik sektorunda toxumçuluq sahəsində islahatlar nəzərdə tutulur: ""Toxumçuluq haqqında" qanunun beynəlxalq standartlara uyğun yenilənməsi planlaşdırılır. Yeni çərçivə sertifikatlaşdırma və toxum təsnifatını, elektron xidmətlərin genişləndirilməsini və özəl sektorun elit toxum istehsalında iştirakını təmin edəcək. Eyni zamanda toxumların emalı və idxalına nəzarət gücləndiriləcək, keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq".
Anar Kəlbiyev


















































