Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" yeni qanun layihəsi müzakirə olunub.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, qanun layihəsi ilə bağlı parlamentin sözügedən komitəsinin sədr müavini Ağalar Vəliyev danışıb. Deputat bildirib ki, qanun tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
O deyib ki, beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, oxşar qanunlar qabaqcıl Avropa ölkələrində uğurla tətbiq edilib və yüksək nəticələr əldə olunub: "Təkcə bir nümunə gətirim ki, qardaş Türkiyədə oxşar qanun 1994-cü ildə qəbul olunub və qanunun tətbiqindən sonra ölkəyə təxminən 122 milyard dollar investisiya cəlb edilib".
Deputat vurğulayıb ki, qanun layihəsində ölkədə ilk dəfə olaraq "Tik, idarə et, təhvil ver" (TİT) modelinin tətbiqi nəzərdə tutulur.
"Modelin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət müvafiq şərtləri və tələbləri ehtiva edən müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, həmin obyektlərin maksimum 49 il müddətinə idarə edilməsini və gəlirlərin əldə olunmasını investorlara təklif edir. Qeyd olunan müddət bitdikdən sonra həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir.
Bütövlükdə qanun layihəsinin əsas üstünlükləri ondan ibarətdir ki, investorlar hər hansı sahibkarlıq riski daşımadan ölkəmizə investisiya qoymaqda və bunun müqabilində gəlirlər əldə etməkdə maraqlı olacaq.
Eyni zamanda, dövlət bu yolla ölkəyə böyük məbləğdə investisiya cəlb edəcək, yeni iş yerləri açılacaq, məşğulluğun səviyyəsi artacaq və müvafiq müqavilə müddəti başa çatdıqdan sonra yaradılan həmin infrastruktur obyektləri əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçəcək.
İnşaat-tikinti sektorundakı təcrübəmdən irəli gələrək, xüsusilə qeyd etmək istərdim ki, təklif olunan qanun layihəsi həm dövlətin, həm də investorların maraqlarına tamamilə uyğun gəlir".
Müzakirələrdən sonra yeni qanun layihəsi plenar iclasa tövsiyə olunub.