"Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə edilib.
Unikal.org xəbər verir ki, bu haqda Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov məlumat verib. Layihəyə əsasən, qanunun 6-cı maddəsinin 9-cu bəndi qüvvədən düşəcək.
"Belə ki, könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və ya vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək bəndi artıq ləğv edilir. Əvvəllər bu, yazılı şəkildə həyata keçirilirdi. Lakin müasir dövrdə texnologiya inkişaf etdiyindən bütün işlər elektron qaydada görülür. Bu səbəbdən də məlumatın yazılı şəkildə verilməsinə ehtiyac qalmır".
Səhiyyə Komitəsinin bugünkü iclasında həmçinin, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olan şəxslərə dövlət qayğısı haqqında" qanunlarına edilən texniki dəyişiklik məsələlərinə də baxılıb.
Dəyişiklik layihələri parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.