Donald Trampın prezident seçilməsi dünya iqtisadiyyatında təlütümlərə, neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər.

Unikal.org xəbər verir ki, bunu azvision.az -a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, ABŞ-Azərbaycan əlaqələri yeni prezidentin komandadan asılı olaraq formalaşacaq.

"ABŞ-da keçirilən seçkilər bütün dünya ölkələri tərəfindən diqqətlə izlənilirdi. Çünki Amerikanın iqtisadi və siyasi cəhətdən aparacağı siyasətdən çox şey asılıdır. Dünyada baş verən təlatümlər, neftin qiymətinin aşağı düşməsi, milli valyutanın ucuzlaşması və s. ABŞ-dakı seçkilərlə əlaqədardır".

V.Əhmədov hesab edir ki, Donald Trampın prezident seçilməsi Azərbaycan üçün ciddi problem olmayacaq. "Trampın bizneslə məşğul olması onun müsbət tərəfidir. O, həyatı boyu bizneslə məşğul olub, iki dəfə müflisləşib və sonradan ayağa qalxıb. Biznesmenlər danışıqları sevən və stol arxasında əyləşməyi bacarırlar. Saatlarla danışıq aparmağı və razılığa gəlməyi bacarırlar. Bu cəhətdən onun müsbət tərəfi ola bilər.

Azərbaycan Amerika üçün həmişə önəmli ölkədir. Bizim əlaqələrimiz yüksək səviyyədə olub. Dünən cənab prezident təbrikində də bildirib ki, əlaqələrimiz yüksək səviyyədə inkişaf edəcək. Bu baxımdan hesab edirik ki, Trampın prezident seçilməsi bizim üçün ciddi problem olmayacaq. Amma dünya iqtisadiyyatında təlatümlər ola bilər, neftin qiyməti müəyyən qədər azala bilər. Bu eyni zamanda milli valyutalara da müəyyən qədər təsir edəcək".

Azərbaycanın milli valyutasına təsirinə gəlincə, deputat vurğulayıb ki, manatın dəyəri, möhkəmliyi ölkə daxilində gedən proseslər və iqtisadi islahatlardan asılıdır. "Əgər biz qeyri-neft sektorunu lazımi səviyyədə inkişaf etdirə, neftdən asılılığımızı azalda bilsək, manatı qoruyub saxlaya bilərik. Dövlət başçısımızın apardığı iqtisadi islahatlara dəstək verməliyik ki, manatın möhkəmlənməsi üçün şərait yaransın".