Martın 1-də Ağdam rayonunda toyda əmisini öldürən 30 yaşlı Cabir Fərəcov bu gün məhkəmə qarşısına çıxarılıb.
Unikal.org lent.az-a istinadən bildirir ki, Ağdam rayon Məhkəməsi C.Fərəcovun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Qətlin hansı şəraitdə törədilməsinə gəlincə, hadisə baş verən gün C.Fərəcovun Təzəkənd qəsəbəsində yaşayan bibisi nəvəsinin toyu imiş. Məclisdə yeyib-içən C.Fərəcov daha sonra rəqs meydanına daxil olub. Bir neçə mahnı sifariş edən qonağın ortalıqdan çıxmadığını görən digər qohumlar narazılıq etməyə başlayıblar və bu zaman onun 46 yaşlı əmisi Seymur Fərəcov məsələyə müdaxilə edib. Qardaşı oğluna irad bildirən S.Fərəcov gözləmədiyi reaksiya ilə üzləşib və dava-dalaş düşüb. Münaqişə zəminində 30 yaşlı Cabir əmisinə iki bıçaq zərbəsi endirib.
2 uşaq atası olan C.Fərəcov əmisini öldürdükdən dərhal sonra Bərdəyə qaçıb. O, Bərdədə yaşayan dayısının evinə sığınsa da, polislər buranı tapmaqda çətinlik çəkməyiblər.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.