Göygöldə bir nəfəri öldürüb daha sonra kənd ərazisində basdırmaqda şübhəli bilinən şəxslər tutulub.

Unikal.org xəbər verir ki, rayonun polis idarəsindən ans press-ə verilən məlumata görə, fevralın 25-də itkin düşən Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Eldar Əliyevin rayonun Balçılı kəndində küt alətlə qətlə yetirilib basdırıldığı barədə polisə məlumat daxil olub.

Müraciəti araşdıran hüquq-mühafizə orqanı əməkdaşları kənd ərazisinə gələrək E.Əliyevin meyitini basdırıldığı yerdən çıxarıblar, müayinə ediblər və öldürüldüyünü müəyyən ediblər.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balçılı kənd sakinləri Cavid Cəfərov və Cinayət Məcəlləsinin 144 və 182-ci maddələri ilə axtarışda olan Qoçu Kərimov tutulub, digər 2 nəfərin isə kimliyi müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, hazırda müəyyən edilən şəxslərin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Öldürülən şəxsin həmin 4 nəfərlə şəxsi məsələlər səbəbindən mübahisə etdiyi, qətlin də məhz mübahisə zamanı törədildiyi bildirilir.