Unikal.org APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,03 dollar azalaraq 43,38 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar artaraq 44,82 dollar olub ki, bu da avqustun 10-dan etibarən ən aşağı göstəricidir.
Brent markalı neftin bahalaşmasına baxmayaraq, "qara qızıl"ın qiyməti aşağı səviyyədə qalmaqdadır ki, buna da bir neçə amil təsir edir. Nefti ucuzlaşdıran əsas amil tələblə təkliflə arasında balansın pozulmasıdır. Başqa sözlə, bazarda tələbatdan təxminən 2 mln. barrel artıq neft təklif olunur. İran və bir sıra iri istehsalçılar hasilatı artırdığı bir vaxtda, "Baker Hughes" servis şirkəti ötən həftə ABŞ-da aktiv neft buruqlarının sayının artdığını elan edib. Maraqlıdır ki, bu proseslər neftin qiymətlərini nizama salmağa çalışan OPEC-in Vyanadakı toplantısı ərəfəsində baş verir.
Son 3 həftə ərzində neftin qiyməti 52 dollardan 45 dollaradək azalıb. Bu isə OPEC üzvlərinin Vyanada keçiriləcək toplantıda ortaq məxrəcə gələcəyinə inamı azaldır.