"Şou-biznesdən bir az uzaqlaşmışam. Son zamanlar o qədər hadisələr, xəyanətlər gördüm ki, soyudum".
Unikal.org bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
Sənətçi bildirib ki, artıq hər dəqiqə gündəmdə olmaq istəmir:
"Xəyanət deyəndə, elə başa düşülməsin sevgini nəzərdə tuturam. İş həyatında çox xəyanətlərlə rastlaşdım. Heç kəsə inamım qalmayıb. Çağırılan yerlərə gedirəm, hörmət edirəm. Amma kimləsə görüşüm, haradasa oturum kimi hallar yoxdur.
İndi özümün də, görürəm ki, elə tamaşaçının da marağı qalmayıb. Hətta verilişləri də seçib gedirəm. Azərbaycanda barmaqla sayılacaq qədər az veriliş var. Bəzən illərlə qazandığın hörməti aparıcı bir sualı ilə məhv edir. Elə şey deyir ki, tamaşaçının gözündən düşürsən. Bu yaxınlarda belə hadisə başıma gəlib".
G.İbrahimli artıq tamaşaçıların onu açıq-saçıq geyimlərdə görməyəcəyini söyləyib:
"Əvvəl mənim etdiyim hər iş səs-küy doğururdu. Çimərlik geyimində klipim, Fərda Xudaverdiyevin konsertindəki hadisə (Külək libasını qaldırmışdı - red.) çox danışıldı, partladı. İndi hər şeyi daha sakit təqdim edirəm deyə, işlərim o qədər nəzərə çarpmır. Amma onu deyim ki, tamaşaçı artıq məndən elə şeylər görməyəcək".