Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı Azərbaycan kəndini gülləbaran edib.

Unikal.org anspress-ə istinadən bildirir ki, ötən axşam 21 radələrində Goranboyun cəbhə xəttinə yaxın yerləşən Tap-Qaraqoyunlu kəndində atəş səsləri eşidilməyə başlayıb. Qarşı tərəf Azərbaycan ordusunun mövqeləri ilə yanaşı kəndi müxtəlif çaplı silahlardan atəşə məruz qoyub. Təmas xəttində baş verənləri müşahidə edə bilmək üçün açıq əraziyə çıxmağa cəhd edən çəkiliş qrupu bu iş təhlükəli olduğundan istinad divarının arxasına sığınmalı olub.

Təqribən yarım saatdan sonra atışma səngiyir. Gülləbarandan geriyə, evlərin divarlarında, qapılarda və pəncərələrdə güllə izləri qalıb.

Yaşı 60-ı haqlamışMinəxalanın isə az öncə ölümlə arasındakı məsafə yarım metrdən də az olub. "Mən oturmuşdum divanda, ayna şaqqıldadı gördüm aynadan girdi qapıya dəydi, qapıdan da keçdi getdi divara girdi", - deyə kənd sakini Minə xala bildirib.

2 saatlıq sükutdan sonra təmas xəttində yenidən atəşkəs pozulur. Qarşı tərəf bu dəfə yandırıcı güllələrdən də istifadə edir.

Ermənistan silahlı qüvvələri cəbhə xəttində, demək olar ki, hər gün atəşkəsi pozur. Ötən gün də Tap-Qaraqoyunlu istiqamətində qarşı tərəf kəndi və milli ordumuzun mövqelərini atəşə tutur. Qarşı tərəfi yalnız cavab atəşindən sonra susdurmaq mümkün olur. Hazırda da Tap-Qaraqoyunlu istiqamətində ağır atışmalar gedir.

Erməni mövqeləri Tap-Qarqoyunlu kəndindən yüksəklikdə olduğundan istinad divarları evləri nisbətən güllələrdən qoruyur.

Sakinlər deyir ki, 3 gündür hər gecə kənd şiddətli atəşə məruz qalır. 2 gün öncə isə ölümlə üz-üzə qalan kənd sakiniYelena Əhmədovaolub.

"Bilmədim ey, şaqqıltıya ayıldım gördüm ayna düşüb yerə, güllə də ayna da qırılıb tökülüb yerə. Mən də orada yatmışdım. Yatdığım yerdə divara dəyib gəlib burada düşüb yerə. Özünüz görürsüz də nə vəziyyətdir. Hər axşam da atılır".

Azərbaycan ordusunun cavab atəşindən sonra, gecəyə doğru şiddətli atışma dayansa da,cəbhə xəttində tək- tək güllə səsləri eşidilməyə davam edir. Son 3 gündür baş verən atışmalar zamanı isə kənd sakinləri arasında ölən və yaralanan olmayıb.