Oğurladıqlarını yeyib-içməyə xərcləyən şəxs tutuldu.
Yasamal Rayon Polis İdarəsinin əməliyyatçılarıXatirə Hüseynovanın evindən 3 min manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 40 yaşlıAnar Mirzəyevi saxlayıb. Ətrafında aparılan araşdırmalar zamanı onun daha bir neçə oğurluqda iştirak etdiyi üzə çıxıb.
Unikal.org Region TV-yə istinadən bildirir ki, istintaq materiallarında Anar Mirzəyevin Bakı sakinləri Siyavuş Mehdiyevin və İldırım Əsədovun evlərini qarət etməsi göstərilsə də, saxlanılan şəxsin özü daha çox mənzildən oğurluq etdiyini bildirib:
"Aradabir olurdu ki, bina evlərinə girirdim. İşıq olmayan evlərə girirdim. 5 dəqiqəyə həll edib çıxırdım. Yüngülvari nəsə olurdu. 100 manat, 300 manat".
Əvvəllər məhkumluq həyatı yaşayan və həbsdən on il əvvəl çıxdığını bildirən Mirzəyev, oğurluq yolu ilə əldə etdiyi pulları kafelərdə və restoranlarda yeyib-içməyə xərclədiyini deyib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.